Ermənistan iqtisadiyyat naziri: “Sülh və sərhədlərin açılması halında Türkiyə investisiyalarına qarşı deyilik” – ÖZƏL

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan münasibətlərin normallaşması və sərhədlərin açılması halında Türkiyə investisiyalarına qarşı olmadığını bəyan edib. 

Olaylar.az xəbər verir ki, o, bu fikri parlamentdə keçirilən brifinq zamanı səsləndirib.

Nazirin sözlərinə görə, Türkiyə şirkətləri 2012-ci ildən etibarən Ermənistan bazarında fəaliyyət göstərir, əsasən geyim brendləri sahəsində - həm dolayı, həm də birbaşa şəkildə.

"Mən bu investisiyaları alqışlayıram. Qonşu ölkələr arasında davamlı sülh iqtisadi yatırımlar olmadan mümkün deyil. Əgər regionda sabit sülh istəyiriksə, bunu iqtisadi inkişafla möhkəmləndirməliyik," - deyə Papoyan bildirib.

O vurğulayıb ki, iqtisadi əlaqələrsiz sülh yalnız müvəqqəti ola bilər. Bu baxımdan, sülhün bərqərar olmasından və sərhədlərin açılmasından sonra Ermənistana, o cümlədən Türkiyədən də xarici investisiyaların gəlməsi təbiidir. Eyni zamanda, erməni sahibkarları da qonşu ölkələrdə sərmayə yatırmaq imkanına malik olacaqlar.

"Əgər kimsə düşünürsə ki, iqtisadi əməkdaşlıq olmadan dayanıqlı dövlət qurmaq mümkündür - bu, ciddi yanılmadır," - deyə nazir əlavə edib.

Papoyan həmçinin "Tramp marşrutu" adlanan layihənin Ermənistanın Sünik bölgəsindən keçəcəyi və guya Türkiyə maliyyəsi ilə həyata keçiriləcəyi barədə iddiaları təkzib edib. Onun sözlərinə görə, bu layihə tamamilə ABŞ ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31