“Taşir” qrupunun rəhbəri Samvel Karapetyana qarşı üçüncü ittiham irəli sürülüb – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Taşir" holdinqinin rəhbəri Samvel Karapetyana qarşı üçüncü dəfə ittiham irəli sürülüb. Sahibkarın vəkillər komandası bildirib ki, yeni ittiham iqtisadi xarakter daşıyır.

Qeyd olunur ki, 15 avqustda Antikorrupsiya Məhkəməsi Karapetyanın həbs müddətini iki ay uzadıb, lakin onun barəsindəki pulların yuyulması və digər iqtisadi cinayətlərlə bağlı şübhələri əsassız sayıb. Məhkəmə yalnız bir epizod - "hakimiyyəti ələ keçirməyə açıq çağırış" ittihamını qüvvədə saxlamışdı.

Bununla belə, istintaq orqanı əvvəlki epizodları bağlamadan və məhkəmə qərarlarını yerinə yetirmədən yeni iqtisadi ittiham irəli sürüb. Müdafiə tərəfi bildirib ki, 50-dən çox istintaqçının yer aldığı qrup avqustdan bəri Karapetyanla bağlı heç bir prosessual hərəkət aparmayıb.

Vəkil Aram Vardevanyanın sözlərinə görə, yeni ittiham təqdim edildikdən dərhal sonra müdafiə tərəfinə istintaq materiallarının açıqlanmasının qadağan edildiyi barədə bildiriş göndərilib. "Bu, ictimai maraq doğuran bir işlə bağlı qəribə addımdır. Biz hətta ittihamın konkret mahiyyəti ilə tanış deyilik," - deyə o vurğulayıb.

Vardevanyan əlavə edib ki, hər bir ittiham Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun şəkildə əsaslandırılmalıdır, lakin Karapetyana qarşı hansı əməl üzrə ittiham irəli sürüldüyü hələ də bəlli deyil.

Sahibkarın həbs müddəti 18 oktyabrda başa çatır, lakin növbəti məhkəmə iclasının tarixi hələ müəyyənləşməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31