Britaniya Qəzza üçün 20 milyon humanitar yardım ayıracaq - ÖZƏL
11:01 DünyaBöyük Britaniya Qəzza zolağında su, sanitariya və gigiyena xidmətlərinə çıxışı təmin etmək məqsədilə 20 milyon funt sterlinq (təxminən 27 milyon dollar) dəyərində humanitar yardım paketi təqdim edəcək. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kir Starmer məlumat verib, - Reuters xəbər verir. Rəsmi açıqlamaya əsasən, maliyyə vəsaitləri BMT-nin Uşaq Fondu (UNICEF), Dünya Ərzaq Proqramı (WFP) və Norveç Qaçqınlar Şurası vasitəsilə bölgəyə yönəldiləcək. Yardım aclıq və xəstəliklərlə üzləşən insanların ehtiyaclarının ödənilməsinə xidmət edəcək. Bundan əlavə, Britaniya Qəzzanın bərpası məsələsinə həsr olunmuş üçgünlük sammit keçirəcək. Tədbirdə hökumət nümayəndələri, özəl sektor təmsilçiləri və inkişaf üzrə maliyyə institutları - o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Dünya Bankının nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, cari maliyyə ilində Britaniya Fələstinə artıq 74 milyon funt sterlinq həcmində humanitar yardım göstərib. Xatırladaq ki, London sentyabr ayında Fələstini rəsmi şəkildə dövlət kimi tanımışdı.
Kir Starmer həmçinin Qahirədə keçiriləcək və Qəzzadakı münaqişənin həllinə həsr olunmuş dünya liderlərinin sammitinə qatılmaq üçün Misirə yola düşüb.