FT: Bəzi Avropa Parlamenti deputatları maraqların toqquşduğu sahələrdə əlavə gəlir əldə edirlər - ÖZƏL

Olaylar.az xəbər verir ki, "Financial Times"ın məlumatına görə, azı 59 Avropa Parlamenti (AP) deputatı qanunvericilik fəaliyyəti ilə birbaşa əlaqəsi olan sahələrdə əlavə gəlir əldə edir. Bu isə maraqların toqquşması ehtimalını artırır. Nəşrin yazdığına əsasən, təxminən 20 deputat əlavə işlərinin birbaşa onların üzərində işlədiyi qanun layihələri ilə əlaqəli olduğu sahələrdə çalışır. Məsələn, Avropa Xalq Partiyasının üzvü Aksel Foss şəxsi məlumatların qorunması və süni intellektin tənzimlənməsi ilə bağlı qanunların müzakirə qrupuna rəhbərlik edir. Eyni zamanda o, Almaniyanın telekommunikasiya nəhəngi Deutsche Telekom şirkətinin məlumatların qorunması şurasının üzvüdür və Bietmann adlı hüquq firmasının tərkibində çalışır. Rumıniyadan olan "Avropa Mühafizəkarları və İslahatçıları" qrupunun üzvü Georqe Piperya isə 641 min avro gəlir bəyan edib - bu, Avropa Parlamenti üzvləri arasında ən yüksək məbləğ sayılır. O, universitetdə hüquq professoru və iflas məsələləri üzrə mütəxəssis kimi fəaliyyət göstərir. Parlamentdə isə iflas qanunları üzərində çalışan qrupun tərkibindədir. Piperya "FT"yə açıqlamasında bildirib ki, firmada heç bir aktiv fəaliyyəti yoxdur və gəliri yalnız dividendlərdən ibarətdir.
Çexiyalı deputat Filip Turek ("Patriotlar" qrupu) avtomobil sənayesi üzrə məsləhətçi kimi çalışır. O, parlamentdə avtomobil akkumulyatorlarının istifadəsi və elektromobillərin tənzimlənməsi ilə bağlı qanun layihələri üzrə danışıqlarda iştirak edir.
Qaydalara əsasən, Avropa Parlamentində "ödənişli lobbiçilik fəaliyyəti" qadağandır. Lakin deputatlara "lobbiçilərin reyestrinə" daxil olan təşkilatlarda işləməyə icazə verilir. Bununla yanaşı, AP qaydaları maraqların toqquşmasını qadağan etmir - deputatlar yalnız bu barədə məlumatı rəsmi şəkildə bəyan etməlidirlər. "Financial Times" qeyd edir ki, bu cür halların təsiri xüsusilə kənd təsərrüfatı və maliyyə tənzimləmələri sahələrində daha çox hiss olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31