İran XİN başçısı: “İbrahim sazişi İranın prinsiplərinə ziddir və heç vaxt baş verməyəcək” – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın "İranın İbrahim sazişinə qoşulacağı" barədə bəyanatını sərt şəkildə tənqid edib. O, bildirib ki, "İbrahim planı dövlətə xəyanət sayılır və İslam inqilabının, eləcə də İran xalqının idealları ilə heç bir şəkildə uyğun deyil. Buna görə də bu, heç vaxt baş verməyəcək".

Əraqçi televiziyada çıxışı zamanı Qəzzada atəşkəs məsələsinə də toxunaraq qeyd edib ki, "İran Qəzzada qətliamı dayandıracaq istənilən təşəbbüsü dəstəkləyir". Onun sözlərinə görə, atəşkəsin birinci mərhələsi həyata keçirilib, lakin Qəzza ərazisinin yarıdan çoxu hələ də İsrailin işğalı altındadır.

Nazir həmçinin ABŞ və Avropa ölkələrinin qeyri-sabit mövqelərini tənqid edərək bildirib ki, "biz artıq bu dəyişkən münasibətləri danışıqlarda yaşamışıq, onların vədlərinə inanmaq üçün ciddi əsas yoxdur".

Əraqçi Avropanın üç ölkəsi (Fransa, Almaniya və Böyük Britaniya) ilə yeni danışıqlara ehtiyac görmədiyini vurğulayıb: "Bizim onlarla razılaşmamız var idi, lakin ABŞ bundan çıxdı. İndi bu ölkələrin danışıqları yenidən başlamaq təklifini mənasız sayırıq".

Nazir həmçinin bildirib ki, İran heç vaxt uranın zənginləşdirilməsi hüququndan imtina etməyəcək, lakin şəffaflıq məsələsini qiymətləndirməyə hazırdır.

Üç Fars körfəzi adası ilə bağlı mübahisələrə də münasibət bildirən Əraqçi vurğulayıb: "Bu üç ada əbədi olaraq İran torpağıdır və heç kim İranın ərazi bütövlüyünə müdaxilə edə bilməz."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31