İsrailin Aİ səfiri: “Qəzza planında tam iştirak üçün sanksiyalar ləğv edilməlidir” - ÖZƏL

Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin həlli üzrə "sülh planı"nın həyata keçirilməsində tam iştirak etmək istəyirsə, İsrailə qarşı mövcud sanksiyaları gündəlikdən çıxarmalı və tətbiq edilmiş məhdudiyyətləri ləğv etməlidir. Olaylar.az xəbər verir ki, bu barədə İsrailin Aİ-dəki yeni səfiri Avi Nir-Feldklayn Politico nəşrinə müsahibəsində bildirib.
"Əgər siz bu prosesin bir hissəsi olmaq istəyirsinizsə, münasibətlərimiz üzərində gərginlik yaradan məsələləri aradan qaldırmalısınız", - deyə diplomat vurğulayıb.
Səfirin sözlərinə görə, İsrail ümumilikdə Avropa ölkələrinin Trampın planına əsasən yaradılması nəzərdə tutulan "Sülh Şurası"nda iştirak niyyətini müsbət qarşılayır. Bu qurum Qəzzanın keçid dövründə xarici idarəçiliyini həyata keçirməlidir. Lakin Nir-Feldklayn qeyd edib ki, əgər sanksiyalar mövzusu gündəmdə qalarsa, İsrail tərəfi bu təşəbbüsə müəyyən müqavimət göstərəcək. Diplomat Avropa İttifaqının iki məsələ ilə bağlı mövqeyinin İsraildə narahatlıq doğurduğunu bildirib: 2025-ci ilin sentyabrında Aİ-nin 14 milyon avroluq ikitərəfli tərəfdaşlıq proqramını dayandırması və İsrail-Aİ Assosiasiya sazişinin ticarət hissəsinin dondurulması riski. Nir-Feldklayn vurğulayıb ki, Aİ bu proqramın maliyyələşməsini bərpa etməli və assosiasiya sazişinin yenidən nəzərdən keçirilməsi məsələsini gündəlikdən çıxarmalıdır. O, həmçinin Avropa Komissiyasının bir sıra israilli siyasətçilərə qarşı sanksiyalar tətbiq etmək niyyətindən də imtina etməsinin vacibliyini qeyd edib.
Səfirin fikrincə, atəşkəsin əldə olunması və Qəzzada sülh planının icrasına başlanması İsrail-Aİ münasibətlərinin yenidən qurulması üçün fürsət yaradır. Onun sözlərinə görə, Avropa İttifaqının deeskalasiya istiqamətində atacağı addımlar "mövcud gərginliyi aradan qaldırmağa və əvvəlki dost münasibətləri bərpa etməyə" imkan verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31