Honq-Konq və Şanxay fond indeksləri Trampın Çinə təhdidləri fonunda aşağı düşüb - ÖZƏL
13 Oktyabr 2025 09:41 DünyaHonq-Konq və Çin birjalarında fond indeksləri ABŞ Prezidenti Donald Trampın noyabr ayından etibarən Çin məhsullarına 100 faiz rüsum tətbiq edəcəyi barədə bəyanatından sonra kəskin enib. Bazar ertəsi Honq-Konq birjasında ticarət altıncı gün ardıcıl olaraq mənfi zonada davam edib - bu, son doqquz ayda ən uzun eniş dövrü sayılır. Olaylar.az xəbər verir ki, Honq-Konq Fond Birjasının əsas göstəricisi olan Hang Seng indeksi 3,49 faiz və ya 916,32 bənd azalaraq 25 374,00 səviyyəsinə enib. Materik Çin şirkətlərinin Honq-Konqda ticarət olunan səhmlərini əks etdirən Hang Seng China Enterprises indeksi 3,48 faiz (325,74 bənd) azalaraq 9 032,58 bəndə düşüb. Ən böyük geriləmə texnoloji sektorda qeydə alınıb - Hang Seng Tech indeksi 4,54 faiz (284,32 bənd) azalaraq 5 975,43 bəndə qədər geriləyib. Çinin materik ərazisindəki birjalar da mənfi dinamika göstərib. Shanghai Composite indeksi 1,30 faiz azalaraq 3 846,25, Shenzhen Component isə 2,56 faiz azalaraq 13 013,34 bəndə enib.
Birja brokerlərinin sözlərinə görə, ABŞ və Çin arasında artan ticarət gərginliyi investorlar arasında qeyri-müəyyənliyi artırıb.
Xatırladaq ki, oktyabrın 10-da Donald Tramp bəyan etmişdi ki, Vaşinqton noyabrın 1-dən etibarən Çin məhsullarına tətbiq edilən rüsumları iki dəfə artıracaq və kritik proqram təminatının ixracına nəzarət tədbirləri tətbiq edəcək. ABŞ-ın Çin məhsullarına ümumi tarif dərəcəsinin 130 faizə çatacağı gözlənilir.
Çin Ticarət Nazirliyi isə Tramp administrasiyasının bu qərarına cavab olaraq "qətiyyətli qarşı tədbirlər" görəcəyini açıqlayıb.