Hindistanda minillik qədim məbəddə nadir heykəllər tapılıb – ÖZƏL
13 Oktyabr 2025 09:35 DünyaHindistanın Madhya-Pradeş ştatının Dondii kəndi yaxınlığında, Tendukhheda dairəsində arxeoloqlar X-XI əsrlərə, Kalaçuri sülaləsi dövrünə aid təxminən 15 nadir heykəl aşkarlayıblar.
Olaylar.az xəbər verir ki, bu barədə The Times of India xəbər verib.
Heykəllər son səkkiz gün ərzində qədim məbədin xarabalıqlarında aparılan qazıntılar zamanı üzə çıxarılıb. Qazıntı işləri hələ apreldən davam edir.
Tapıntılar arasında ən maraqlı nümunələrdən biri Ardhanarişvara - Şiva və Parvatinin birləşmiş obrazını əks etdirən nadir heykəldir. Bundan başqa, başı şir, bədəni insan formasında olan Naraşimha heykəli də tapılıb, lakin onun alt hissəsi zədələnib.
Qırmızı qumdaşından hazırlanmış digər heykəllər arasında Nandi (Şivanın yardımçısı), Parvati, Vayu və Brahma təsvirləri də var. Mütəxəssislərin fikrincə, bu əsərlər beynəlxalq antikvar bazarında yüksək qiymətləndirilə bilər.
Arxeoloqlar hətta yağışlı günlərdə belə fasiləsiz işləyib, gecələr məbəd xarabalıqlarını araşdırıblar. Alimlər bildirirlər ki, bu tapıntılar Mərkəzi Hindistanın Orta Əsrlər dövrü məbəd sənətinin xəritəsini yenidən nəzərdən keçirməyə səbəb ola bilər.
Hazırda tapıntıların qorunması məqsədilə əraziyə hasar çəkilməsi və 24 saatlıq mühafizənin təşkil olunması planlaşdırılır.