Zelenski və Tramp arasında telefon danışığı başa çatdı
11 Oktyabr 18:05 DünyaUkrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Volodimir Zelenski sosial media hesabında paylaşım edib.
O, Tramp ilə telefon danışığını müsbət və məhsuldar adlandırıb.
"ABŞ liderini əldə etdiyi uğurlara, həmçinin Yaxın Şərqdə əldə etdiyi razılaşmaya görə təbrik etdim. Bu, mühüm nailiyyətdir. Əgər bir regionda müharibəni dayandırmaq mümkündürsə, deməli, digər münaqişələrin - o cümlədən Rusiyanın başladığı müharibənin də dayandırılması mümkündür.
Mən Trampa Rusiyanın Ukraynanın enerji sisteminə hücumları barədə məlumat verdim və onun bizə dəstək göstərmək istəyi üçün təşəkkür etdim.
Biz hava hücumundan müdafiə sistemimizi gücləndirmək imkanlarını və bu istiqamətdə konkret razılaşmaları müzakirə etdik. Ukraynanı daha da gücləndirmək üçün yaxşı variantlar və real ideyalar var.
Rusiyanın sülh danışıqlarına həqiqətən hazır olması üçün güclü təzyiq lazım olacaq.
Təşəkkür edirəm, cənab Prezident",- paylaşımda deyilir.