İsrail və HƏMAS arasında imzalanan razılaşmanın detalları üzə çıxdı
10 Oktyabr 20:50 Dünyaİsrail ilə HƏMAS arasında "Qəzza Müharibəsinin Tamamilə Dayandırılması" başlığı ilə imzalanan atəşkəs razılaşmasının detalları açıqlanıb.
Olaylar xəbər verir ki, sənədə əsasən, HƏMAS 72 saat ərzində bütün əsirləri azad edəcək və bu proses Türkiyənin də daxil olduğu ortaq komitə tərəfindən nəzarətdə saxlanılacaq. Türkiyə həmçinin HƏMAS-ın əlində olan öldürülmüş israilli hərbçilərlə bağlı məlumatların təhvil verilməsində də mühüm rol oynayacaq.
İsrailin rəsmi yayım orqanı KAN bildirir ki, razılaşma həm İsrail, həm də HƏMAS tərəfindən imzalanıb və vasitəçi ölkələr tərəfindən təsdiq olunub. İsrail hökuməti sənədi rəsmən təsdiqlədikdən sonra:
- Atəşkəs dərhal qüvvəyə minəcək,
- Hava zərbələri, artilleriya atəşi və quru əməliyyatları daxil olmaqla bütün hərbi fəaliyyətlər tamamilə dayandırılacaq.
- İsrail ordusu 24 saat içində "sarı xətt" kimi müəyyən olunan sərhədə çəkiləcək,
- Bu prosesdən sonra HƏMAS 72 saat ərzində bütün israilli əsirləri (həm sağ, həm də həlak olanları) təslim edəcək,
- İsrail ordusunun yenidən həmin bölgələrə daxil olmasına icazə verilməyəcək.
- Qəzzaya humanitar yardım sərbəst şəkildə daxil olacaq
Bu proses 19 yanvar 2025 qərarında təsbit edilən gündə 600 yardım TIR-ı standartı əsasında həyata keçiriləcək.
İsrail tərəfi bildirir ki, hazırda Qəzzada 48 israilli əsir var, onlardan 20-si sağdır. Eyni zamanda İsrail həbsxanalarında 11 mindən çox fələstinli saxlanılır və onların çoxu ağır şəraitdə - işgəncə, aclıq və tibbi laqeydlik içindədir.
Bu prosesə ABŞ, Qətər, Misir və Türkiyənin daxil olduğu ortaq komitə nəzarət edəcək.
Bəzi israilli əsgərlərin meyitlərinin hələ də tapılmadığı qeyd olunur. Bunun üçün İsrail-Fələstin-Misir-Qətər-Türkiyə və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə ayrıca ortaq mexanizm yaradılacaq.
Bu razılaşma ABŞ-nin vasitəçiliyi ilə Misirin Şarm əş-Şeyx şəhərində, Türkiyə, Misir və Qətərin iştirakı ilə keçirilən dörd günlük dolayı danışıqların nəticəsində əldə olunub.
ABŞ Prezidenti Donald Tramp dünən açıqlama verərək, İsrail və HƏMAS-ın atəşkəs və əsir mübadiləsinin birinci mərhələsi üzrə razılığa gəldiyini bildirmişdi. İsrail hökuməti artıq Trampın təqdim etdiyi atəşkəs planını təsdiqləyib.