Putindən SSRİ açıqlaması: Keçmiş sovet ölkələrinə çağırış etdi
17:16 Dünya"SSRİ dağılanda vətəndaşların böyük əksəriyyəti nə baş verdiyini anlamırdı".
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"SSRİ dağıldıqda və MDB-nin yaradıldığı elan olunduqda, məncə, bizim ölkələrin vətəndaşlarının böyük əksəriyyəti baş verənləri tam anlamırdı: əvvəllər SSRİ var idi, indi isə MDB. Düşünürdülər ki, mahiyyət etibarilə çox da bir şey dəyişməyib. Əslində isə hər şey köklü surətdə dəyişmişdi. Təəssüf ki, o vaxt bizim ölkələrin vətəndaşlarına bu barədə lazımi məlumat verilmədi", - dövlət başçısı vurğulayıb.
Rusiya prezidenti xatırladıb ki, bu, tarixi şərait nəticəsində yaranmış vəziyyətdir və onu qəbul etmək, həmçinin gələcəyə baxaraq düşünmək lazımdır ki, keçmiş SSRİ məkanında yaranmış vahid logistika, sənaye əməkdaşlığı və xalqların mədəni müxtəlifliyinə baxmayaraq formalaşmış ümumi mədəni kod kimi rəqabət üstünlüklərini itirməyək:
"MDB-nin məqsədi də məhz bütün bunları qorumaq idi. Amma müəyyən mərhələdə aydın oldu ki, MDB çərçivəsində əməkdaşlıq səviyyəsi mövcud mürəkkəb iqtisadi problemlərin həlli üçün kifayət deyil. Buna görə də Qazaxıstanın, xüsusilə də Nursultan Nazarbayevin təşəbbüsü ilə başqa bir birlik - Avrasiya İqtisadi İttifaqı yaradıldı. Burada öz aralarında daha dərin əməkdaşlıq qurmağı məqsədəuyğun və faydalı sayan ölkələr çərçivəsində iş aparılır".
Həmçinin Vladimir Putin qeyd edib ki, keçmiş sovet respublikaları üçün bir-birindən çox da uzaqlaşmamaq və ölkələrin çoxlu ortaq cəhətlərə malik olması hissini saxlamaq vacibdir:
"Zaman keçdikcə inkişaf daha çox öz iqtisadi bazası, öz mədəni kodu və öz ənənələri üzərində gedir. Rusiya da eyni şəkildə inkişaf edir. Və burada çox vacibdir ki, biz bir-birimizdən çox uzaqlaşmayaq. Çox vacibdir ki, bir-birimizi birləşdirən çox şeyin olduğunu hiss edək. Əslində elə belədir".
Rusiya lideri nümunə gətirib ki, artıq əmək qüvvəsi digər ölkələrdə də çoxdur, amma Rusiyaya keçmiş Sovet İttifaqının respublikalarından gəlirlər:
"Niyə? Çünki bizi birləşdirən nəsə var. Rus dilini öyrənməyə can atırlar, niyə? Eyni səbəbdən. Bu baxımdan, bizim bütün birləşdirici məqamları axtarmağımız vacibdir və bunlar hər birimiz üçün qiymətlidir".
Vladimir Putin ümumi tarixin çox vacib olduğunu qeyd edib.
Rusiya prezidenti əlavə edib ki, keçmiş SSRİ ölkələrini birləşdirən amillər olub, amma daima gələcəkdə bizi birləşdirəcək amilləri axtarmaq lazımdır: "Bunun üçün xarici siyasətimizin bu istiqamətinə xüsusi diqqət yetirmək məqsədilə belə bir format yaradılıb".