Rusiya “3+3” formatının növbəti görüşünü 2025-ci ilin sonunadək keçirmək istəyir – ÖZƏL
10 Oktyabr 16:05 DünyaRusiya 2025-ci ilin sonunadək "3+3" regional məsləhətçi platformasının dördüncü nazirlər görüşünün keçirilməsini təklif edir. Hazırda bununla bağlı hazırlıq işləri aparılır.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopyrkin Rusiya-Ermənistan Universitetində çıxışı zamanı bildirib.
Diplomatın sözlərinə görə, görüşün növbəlilik qaydasının müəyyənləşdirilməsi məsələsində Azərbaycan və Ermənistan arasında danışıqlar gedir və hər iki ölkə tədbirə ev sahibliyi etməyə hazırdır.
Kopyrkin qeyd edib ki, platformanın bütün iştirakçıları - o cümlədən Türkiyə və İran - bu formatın region problemlərinin həlli üçün faydalı və zəruri olduğuna inanır. Onun sözlərinə görə, əsas rolu region dövlətləri oynamalıdır, üçüncü ölkələrin iştirakı isə yalnız yerli maraqları nəzərə almaqla mümkündür.
Səfir əlavə edib ki, indiyədək "3+3" formatında üç görüş keçirilib, Gürcüstan isə ilkin mərhələdə maraq göstərsə də, sonradan prosesdən uzaqlaşıb. Buna baxmayaraq, Kopyrkin vurğulayıb ki, platformanın qapısı Tbilisi üçün açıq qalır.
Xatırladaq ki, sonuncu "3+3" görüşü 2024-cü ilin oktyabrında İstanbulda baş tutub.