ABŞ və Avstraliya AUKUS çərçivəsində təhlükəsizlik əməkdaşlığını müzakirə edib – ÖZƏL
13:45 DünyaABŞ Dövlət katibi Marko Rubio və Avstraliyanın Xarici İşlər Naziri Penni Vonq Vaşinqtonda keçirilən görüşdə AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ arasında hərbi tərəfdaşlıq) çərçivəsində iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə ediblər.
Olaylar.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı bəyanata əsasən, tərəflər müdafiə sahəsində ikitərəfli təşəbbüsləri, kritik mineral resurslar sahəsində tərəfdaşlığı və qlobal tədarük zəncirlərinin təhlükəsizliyini gücləndirmək məsələlərini müzakirə ediblər.
Görüş həmçinin ABŞ, Avstraliya, Hindistan və Yaponiyanın iştirakı ilə keçirilən Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) çərçivəsində baş tutub. Təhlükəsizlik və müdafiə məsələləri ilə yanaşı, strateji tərəfdaşlığın genişləndirilməsi də müzakirə mövzularından biri olub.
Məlumat üçün qeyd edək ki, AUKUS əməkdaşlıq platforması əsasən bölgədə təhlükəsizlik və müdafiə qabiliyyətlərini gücləndirmək məqsədi daşıyır. QUAD isə Asiya-Sakit Okean regionunda sabitlik və rifahın təmin olunmasına yönəlmiş beynəlxalq platformadır.