Çin alimlərinin yeni texnologiyası: Radarlara qarşı oyun dəyişdirici addım – ÖZƏL
17 Yanvar 2025 11:51 DünyaÇin tədqiqatçıları radioelektron müharibə sahəsində oyun dəyişdirə biləcək texnologiya üzərində işləyir. Ənənəvi gizlilik yanaşmasından fərqli olaraq, yeni texnologiya radarlara kiçik bir əks etdiricini - iPad ölçüsündə bir cihazı - stadion böyüklüyündə nəhəng uçan obyekt kimi göstərməyə imkan verir.
Olaylar.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Yeni texnologiya sayəsində radarlar dronları deyil, sanki nəhəng uçan boşqabları izləyir.
Layihənin detalları Milli Müdafiə Texnologiyaları Universitetinin mütəxəssisi Çen Qianqın rəhbərlik etdiyi qrup tərəfindən açıqlanıb. Onlar radarlardan yayılan əks-sədanı manipulyasiya edərək, kiçik obyektləri böyük cisim kimi göstərən bir cihaz yaradıblar.
Komanda hesab edir ki, belə cihazlarla təchiz edilmiş pilotsuz uçan aparat sürüsü düşmənin radar sistemlərini yükləyərək, əsl hədəflərin aşkarlanmasının qarşısını ala bilər.
Texnologiyanın əsası 1959-cu ildə təqdim olunan bir patentdən ilham alınıb. Ancaq yalnız illərlə davam edən tədqiqatlar nəticəsində alimlər bu sahədə əsl irəliləyiş əldə ediblər.
Onlar, həmçinin müxtəlif elementlərin siqnallarının bir-biri ilə qarşılıqlı təsirindən yaranan problemləri həll etməyi bacarıblar. Hərbi laboratoriyalarda aparılan çoxsaylı sınaqlardan sonra prototip, xüsusilə silah idarəetmə sistemlərində istifadə olunan kritik diapazonlarda təsirli nəticələr göstərib.
Bununla yanaşı, yaxın vaxtlarda məlum olub ki, "Kalaşnikov" konserni yeni nəsil kamikadze dronu - "Kub-10E"-ni təqdim edib. Məlumata görə, bu dron əvvəlki modellərlə müqayisədə həm məsafə, həm də döyüş xüsusiyyətləri baxımından daha üstün performans sərgiləyir.