Bayden TikTok-u qadağan etməyəcək – qərar Trampa qalır – ÖZƏL
17 Yanvar 2025 11:17 DünyaABŞ Prezidenti Co Bayden sosial media tətbiqi TikTok-un qadağası ilə bağlı qərarı öz sələfi Donald Trampa buraxıb.
Olaylar.az Associated Press-ə istinadən məlumatına xəbər verir ki, TikTok-un qadağan edilməsi haqqında qərar Baydenin prezidentliyinin son günü, 19 yanvar tarixində qüvvəyə minməli idi, lakin Bayden bu məsələni həll etməyəcək.
Mənbələr qeyd edir ki, TikTok-un təhlükəsizlik riskləri Donald Trampın ilk prezidentlik dövründə müzakirə olunmağa başlanmışdı. Tramp, xüsusilə amerikalıların şəxsi məlumatlarının qorunması ilə bağlı narahatlığını ifadə edirdi.
Lakin seçki kampaniyası başladığı zaman Tramp TikTok-a qarşı mövqeyini yumşaltdı və hətta bu platformanı təbliğat üçün istifadə etməyə başladı.
Trampın administrasiyasına namizədlər də TikTok-un mümkün qadağası ilə bağlı konkret mövqe bildirməkdən çəkinirlər. Məsələn, ABŞ baş prokuroru vəzifəsinə namizəd göstərilmiş Pəm Bondi Senatda keçirilən dinləmələrdə TikTok-un qadağasını dəstəkləyib-dəstəkləməyəcəyi sualından yayınmışdı.
TikTok-un rəhbər şəxslərinin Trampın andiçmə mərasimində iştirak edəcəyi bildirilir. Mərasimdə həmçinin SpaceX-in baş direktoru İlon Mask, Meta-nın baş direktoru Mark Zukerberq, OpenAI-nin rəhbəri Sam Altman və Amazon-un təsisçisi Ceff Bezos da iştirak edəcək.
Mütəxəssislərin fikrincə, yeni prezidentin TikTok-u tamamilə qadağan etməsi ehtimalı çox aşağıdır.
Qeyd edək ki, daha öncə Tramp administrasiyası TikTok-un ABŞ-də fəaliyyətini davam etdirməsi üçün onun yeni sahib tapmasının vacibliyini vurğulamışdı. 19 yanvar tarixinədək TikTok yeni sahib tapmasa, sosial şəbəkənin ABŞ ərazisində qadağan edilməsi qüvvəyə minəcək.
Bununla yanaşı, Çin hökuməti TikTok-u İlon Maska satma ehtimalını nəzərdən keçirir. Əgər Çin şirkətləri ABŞ-nin tətbiq etdiyi qadağanı aradan qaldıra bilməsə, TikTok-un milyarder Mask tərəfindən alınması müzakirə olunur.