Slovakiya Ukrayna üzrə danışıqlara evsahibliyi etməyə hazırdır– ÖZƏL
17 Yanvar 2025 10:30 DünyaOlaylar.az xəbər verir ki, Slovakiya Ukrayna üzrə danışıqların öz ərazisində, o cümlədən yüksək səviyyədə keçirilməsinə hazır olduğunu bildirib. Bu barədə ölkə parlamentinin vitse-spikeri Tibor Qaşparın açıqlamasına istinadən RIA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, Bratislavada Ukrayna, Rusiya və mümkün halda ABŞ nümayəndələrinin iştirakı ilə danışıqlar baş tuta bilər. Qaşpar bu cür görüşlərin sonda sülh sazişinin imzalanmasına gətirib çıxara biləcəyini qeyd edib.
Eyni zamanda, Slovakiyanın baş naziri Robert Fiko yaxın günlərdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.
Slovakiya parlamentinin digər vitse-spikeri Andrey Danko isə bildirib ki, Ukrayna münaqişəsinin həlli yalnız Vladimir Putin və Donald Trampın iştirakı ilə mümkün ola bilər.