Rusiya və Şimali Koreya müntəzəm qatar səfərlərini bərpa etdi – ÖZƏL
16 Dekabr 2024 11:16 DünyaRusiya və Şimali Koreya rəsmi olaraq dörd illik fasilədən sonra sərnişin dəmir yolu əlaqələrini bərpa edib.
Olaylar.az xəbər verir ki, bu barədə Ussuri gömrük idarəsinin mətbuat katibi İrina Kulçitskaya məlumat verib və xəbəri RİA Novosti yayıb.
Xatırladaq ki, Rusiya və Şimali Koreya arasında sərnişin dəmir yolu əlaqəsi 2020-ci ildə COVID-19 pandemiyası səbəbilə dayandırılmışdı. Lakin vəziyyət normallaşdığından 16 yanvar, bazar ertəsi günü Tumanqan (KXDR) - Xasan (Rusiya) marşrutu üzrə №645/646 beynəlxalq qatar xətti istifadəyə verilib. Qatar həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri hərəkət edəcək.
"Şimali Koreya ilə sərhəddə yerləşən Xasan dəmir yolu keçid məntəqəsində müntəzəm sərnişin dəmir yolu əlaqəsi açılıb. Ussuri gömrük xidməti saat 15:00-da (Moskva vaxtı ilə 08:00) sərnişin qatarını KXDR istiqamətində yola salıb. Qatarla cəmi iki Rusiya vətəndaşı səfər edib," - deyə Kulçitskaya bildirib.
O, həmçinin qeyd edib ki, 2024-cü ilin iyun ayından etibarən Rusiya və Şimali Koreya arasında qeyri-müntəzəm sərnişin daşımaları həyata keçirilirdi və bu müddət ərzində hər iki istiqamətdə 1200 sərnişin daşınıb.
"İndi isə sərnişin daşımaları müntəzəm olacaq. Keçid məntəqəsi hər gün saat 10:00-dan 20:00-dək fəaliyyət göstərəcək," - deyə Kulçitskaya əlavə edib.