Almaniyada Olaf Şoltsun vəzifəsi təhlükədə: Erkən seçkilər gündəmdədir – ÖZƏL

Dekabrın 16-da, bazar ertəsi, Almaniya kansleri Olaf Şolts parlamentdə keçiriləcək etimad səsverməsini uduzarsa, prezident Frank-Valter Ştaynmayerə Bundestaqın buraxılmasını təklif edəcək. Erkən parlament seçkilərinin isə 23 fevral tarixində keçirilməsi gözlənilir. 

Olaylar.az xəbər verir ki, bu barədə Politico xəbər yayıb.

Şoltsun səsvermədə uduzması prosedur xarakterli addım kimi qiymətləndirilir və erkən seçkilərə zəmin yaratmaq məqsədi daşıyır.

Sessiya zamanı Şolts etimad səsverməsi keçirmək səbəblərini açıqlayacaq. Ardınca təxminən iki saat davam edəcək parlament müzakirələri aparılacaq və bu müddətdə deputatlar kanslerə olan etimadlarını təsdiq edib-etməməklə bağlı qərar verəcəklər.

Almaniya üçün Alternativ (AfD) partiyası səsvermədə Şoltsu dəstəkləməyi planlaşdırır. Partiya hesab edir ki, Xristian-Demokrat İttifaqının (CDU) lideri və kanslerliyə əsas namizəd Fridrix Mersin hakimiyyətə gəlməsi Almaniyanı Ukrayna münaqişəsinə daha çox cəlb edə bilər.

"Fridrix Mersin heç bir halda məsuliyyətli vəzifədə olmasını istəmirəm," - deyə AfD deputatı Yurgen Pol bəyan edib və Şoltsun xeyrinə səs verəcəyini bildirib.

Hazırda AfD sorğulara görə ikinci yerdədir və ən böyük müxalifət partiyası olma potensialına malikdir. Bununla belə, parlamentdəki "Yaşıllar" fraksiyasının liderləri səsvermədə neytral qalmağı planlaşdırır. Bu halda, AfD və Şoltsun fraksiyası kansleri dəstəkləsə belə, əksəriyyət səsi təmin etmək mümkün olmayacaq.

Politico qeyd edir ki, Şolts parlamentdə qanun qəbul etmək üçün tələb olunan əksəriyyətə malik deyil və onun tezliklə vəzifəsindən uzaqlaşdırılması gözlənilir.

"Şolts həm ölkə daxilində, həm də xaricdə "axsaq ördək" kimi qəbul edilir," - deyə məqalədə bildirilir.

Xatırladaq ki, Almaniya prezidenti Bundestaqın buraxılmasına və erkən parlament seçkilərinin keçirilməsinə hazır olduğunu bəyan edib. Bunun üçün hökumətin Şoltsa etimadsızlıq göstərməsi tələb olunur. Prezident Ştaynmayer bütün partiyaları məsuliyyətlə hərəkət etməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31