NATO orduları Ukraynaya göndərilə bilər- ÖZƏL

Olaylar.az xəbər verir ki, NATO ölkələrində Ukraynaya qoşun göndərmək ideyası yenidən gündəmə gəlib. Bu dəfə söhbət münaqişə başa çatdıqdan sonra "sülhməramlı qüvvələrin" Ukraynaya göndərilməsindən gedir. Qərb ölkələrində hesab edilir ki, belə bir missiya Ukrayna üçün təhlükəsizlik zəmanəti ola bilər.

Fransa Prezidenti Emmanuel Makron ilk dəfə 2024-cü ilin yazında bu məsələni qaldıraraq "heç nəyi istisna etmək olmaz" demişdi. Lakin o dövrdə NATO-nun bir çox üzv ölkələri, xüsusilə ABŞ, İtaliya və Almaniya bu ideyaya qarşı çıxmışdı.

Ukraynada cəbhə xəttində vəziyyətin pisləşməsi ilə Avropa ölkələrində bu təklifə dəstək artmağa başladı. Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson və NATO-nun yeni baş katibi Mark Rütte bu təşəbbüsün əsas tərəfdarları arasında yer alıb.

ABŞ-də keçirilən seçkilərdən sonra isə bu ideya dəyişikliklərə məruz qaldı. Yeni seçilmiş prezident Donald Trampın fikrincə, "sülhməramlı missiya" NATO bayrağı altında deyil, Avropa ordularının iştirakı ilə həyata keçirilməlidir. Tramp həmçinin, ABŞ əsgərlərinin Ukraynaya göndərilməyəcəyini bəyan edib.

Ukrayna Prezidenti Vladimir Zelenski bu ideyaya ehtiyatla yanaşır. O, NATO qüvvələrinin münaqişədən sonra deyil, elə münaqişə zamanı Ukraynaya göndərilməsini istəyir. Lakin Qərbin bu addımı Ukraynanın NATO-ya qəbul edilməməsi üçün bir manevr kimi qəbul edilir.

Avropa ölkələri arasında da bu məsələ ilə bağlı konsensus yoxdur. Almaniya, İtaliya, Macarıstan və Slovakiya kimi ölkələr bu ideyaya qarşı çıxır. Polşa kimi "hərbi dəstək tərəfdarı" olan ölkələr də missiyaya qoşulmaqda tərəddüd edir.

Son hesabatlara görə, bu missiyada iştirak edəcək ölkələr arasında Fransa, Böyük Britaniya, Niderland və Şimal-Baltik dövlətləri (Danimarka, İslandiya, Latviya, Litva, Norveç, Finlandiya, İsveç və Estoniya) yer ala bilər. Ümumilikdə Ukraynaya 40 min nəfərlik qoşun - beş briqada göndərilə bilər.

Rusiya tərəfi bu təşəbbüsə mənfi yanaşır. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, "sülhməramlıların yerləşdirilməsi yalnız münaqişənin bütün tərəflərinin razılığı ilə mümkündür". O əlavə edib ki, problemin həlli üçün konfliktin ilkin səbəbləri aradan qaldırılmalıdır.

Rusiya Prezidenti Vladimir Putinin 19 dekabrda keçiriləcək "Birbaşa xətt" proqramında bu məsələ ilə bağlı daha geniş fikir bildirəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31