İsrail Baş Naziri Netanyahunun məhkəməsi: rüşvət və fırıldaq iddiaları – ÖZƏL
10 Dekabr 2024 10:28 Dünyaİsrailin Naş Naziri Benyamin Netanyahu 10 dekabr tarixində ilk dəfə olaraq məhkəmə qarşısında ittiham olunan şəxs qismində ifadə verəcək. Ona qarşı irəli sürülən üç korrupsiya işi çərçivəsində rüşvət, fırıldaqçılıq və etimaddan sui-istifadə ittihamları ilə bağlı ifadələrini təqdim edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
İlk iş, Netanyahu və ailəsinin 2011-2016-cı illər arasında prodüser Arnon Milçen və milyarder Ceyms Pakerdən hədiyyələr qəbul etdiyi və bunun müqabilində onlara müəyyən himayə göstərdiyi iddiaları ilə bağlıdır.
İkinci işdə Netanyahu ilə "Yediot Ahronot" qəzetinin sahibi Arnon Mozes arasında gizli anlaşma olduğu iddia edilir. Üçüncü iş isə Netanyahu tərəfindən telekommunikasiya şirkəti Bezeqin sahibi Şaul Eloviçə verilən tənzimləyici üstünlüklərlə əlaqələndirilir.
Netanyahunun adı bu üç cinayət işində rəsmi olaraq 2020-ci ilin yanvarında hallanmağa başladı. Ona qarşı irəli sürülən ittihamlar nəticəsində Netanyahu İsrail tarixində məhkəmə qarşısına çıxan ilk fəaliyyət göstərən baş nazir oldu.
Eyni zamanda, bu ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi (BCM), Netanyahunun Qəzza zolağında insanlığa qarşı cinayətlər də daxil olmaqla, ehtimal edilən hərbi cinayətlərə görə həbsinə dair order verdi. Lakin İsrail və digər nüfuzlu dövlətlər BCM-nin yurisdiksiyasını tanımır.
Netanyahunun məhkəməsi İsraildə həm daxili, həm də beynəlxalq səviyyədə böyük diqqət mərkəzindədir.