Avstriya avtomobil sahibi olan ukraynalı qaçqınlara sosial yardımı dayandıracaq – ÖZƏL
10 Dekabr 2024 09:50 DünyaAvstriya hökuməti avtomobil sahibləri olan ukraynalı qaçqınlara sosial yardımları dayandırmaq qərarına gəlib.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin nüfuzlu mətbu orqanı Der Standard məlumat yayıb.
Yerli sakinlər bu qərarı dəstəkləyərək narazılıqlarını ifadə ediblər. "Ukrayna nömrəli Mercedes G-Class sürən birinin Vyana və Almaniyada avstriyalı vergi ödəyicisi və ya müavinətlə dolanan təqaüdçü ilə eyni imtiyazlardan faydalanması qəbuledilməzdir," - deyə sakinlər bildiriblər.
Məlumata görə, artıq Avstriyanın əksər federal torpaqlarında sosial yardım almaq üçün tələblər sərtləşdirilib. 1 yanvar 2025-ci ildən etibarən avtomobil idarə edən ukraynalı qaçqınlar dövlətin sosial dəstəyindən məhrum ediləcək.
Vyanada yaşayan ukraynalı qaçqınların hazırda aylıq maksimum 165 avro yaşayış və 260 avro mənzil və ərzaq üçün yardım aldığı qeyd olunub. Bu qərarın qüvvəyə minməsi ilə sosial dəstək alan qaçqınların vəziyyətində ciddi dəyişikliklər gözlənilir.