Pentaqon: Suriyada kimyəvi silah ehtiyatları ola bilər
10 Dekabr 2024 09:41 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Suriyada kimyəvi silah ehtiyatlarının ola biləcəyini ehtimal edir və bu silahların Amerika hərbçiləri və ya mülki əhali əleyhinə istifadəsinin qarşısını almaq üçün tərəfdaşları ilə tədbirlər görür.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinx brifinq zamanı məlumat verib.
Sabrina Sinx bildirib ki, kimyəvi silah məsələsi ABŞ üçün prioritetdir. Əsas diqqət bu silahların dinc əhali, ABŞ hərbçiləri və ya bölgədəki müttəfiqlərə qarşı istifadə oluna biləcək şəxslərin əlinə keçməsinin qarşısını almağa yönəldilib.
O, ABŞ-nin bu əməliyyatlarda öz hərbçilərini birbaşa iştirak etdirmədiyini, yerli tərəfdaşlarla əməkdaşlıq etdiyini vurğulayıb. Sinx əlavə edib ki, Pentaqon bu sahədə topladığı təcrübəyə əsaslanaraq müttəfiqlər vasitəsilə kimyəvi silahlardan sui-istifadə ehtimalını minimuma endirməyə çalışır.
Xatırladaq ki, Sabrina Sinx daha əvvəl ABŞ-nin Suriyada hərbi iştirakını genişləndirməyəcəyini bəyan etmişdi.