“Uşaq özünü özü dolandırır”– Rusiya rəsmisinin açıqlaması müzakirələrə səbəb oldu – ÖZƏL

Ryazan vilayəti hökumətinin sədr müavini Natalya Suvorova dövlətin ailələrə və uşaqlara dəstəyi ilə bağlı verdiyi açıqlama cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Suvorovanın sözlərinə görə, dövlət dəstəyi sayəsində "uşaq özünü özü dolandırır".

Olaylar.az xəbər verir ki, o, vilayətdə federal və regional ana kapitalı proqramlarının mövcud olduğunu, hamiləlikdən başlayaraq uşağın 17 yaşına qədər verilən vahid müavinətlərin tətbiq edildiyini vurğulayıb. Bundan əlavə, iki il öncə gənc analar üçün doğuşa görə ödənişlər təsis edilib: 25 yaşa qədər analar üçün 50 min rubl, digərləri üçün isə 20 min rubl.

"Uşağın doğulmasının ailə üçün maliyyə çətinlikləri yaratdığını anlayan qadınlar üçün ailə kuratorlarımız izah edir ki, dövlət dəstəyi ilə uşaq özünü özü dolandıra bilər", - deyə Suvorovanın sözlərini yerli "Pressa" nəşri yayıb.

Suvorovanın bu açıqlaması cəmiyyətdə ziddiyyətli reaksiyalara səbəb olub. Bəziləri dövlətin ailələrə dəstəyini artırmaq cəhdini təqdir etsə də, digərləri bu sözlərin uşağın böyüdülməsi üçün real xərcləri əks etdirmədiyini bildirir.

Bu, Rusiyada doğum mövzusunda qalmaqal yaradan ilk açıqlama deyil. Daha əvvəl Dövlət Dumasının deputatı Aleksandr İltakov qadınların "doğum funksiyaları işləyərkən" uşaq dünyaya gətirməli olduğunu bildirmişdi. Daha sonra o, bu ifadənin kobud səsləndiyini qəbul edərək üzr istəmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31