Almaniyanın FDP Partiyası Ukraynaya Taurus raketlərinin dərhal tədarükünü tələb edir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniyada müxalifətdə olan Azad Demokratlar Partiyası (FDP) Bundestaqda Ukraynaya Taurus qanadlı raketlərinin tədarükünün dərhal icazə verilməsi ilə bağlı təklif irəli sürüb.

Partiyanın hazırladığı qətnamədə Almaniya hökumətinin bu raketlərin tədarükünə dərhal icazə verməsinin vacibliyi vurğulanır. Təklifə görə, bu raketlər Ukraynaya cəbhə xəttindən kənarda yerləşən anbarları, logistika mərkəzlərini və qərargahları hədəf almaqda kömək etməlidir. FDP həmçinin Ukraynaya hərbi avadanlıqların və sursatların gecikmədən və məhdudiyyətsiz çatdırılmasını, NATO-ya inteqrasiya üçün aydın planın hazırlanmasını, eləcə də Avropa müttəfiqləri ilə birlikdə yeni yardım paketinin hazırlanmasını təklif edir. Bu təkliflər yanvarın 20-də ABŞ-də Donald Trampın prezident vəzifəsinə başlamasından əvvəl həyata keçirilməli hesab edilir.

FDP-nin Bundestaqdakı fraksiya lideri Kristian Dürr, Sosial Demokratlar Partiyası (SPD) və kansler Olaf Şoltsun ehtiyatlılıq adı altında qərarsız davrandığını qeyd edib. O, Almaniyanın əvvəlki tank tədarükündə gecikdiyini və bunun kifayət qədər effektli olmadığını xatırladıb. Dürr, Avropanın öz təhlükəsizliyi üçün daha böyük məsuliyyət daşımasının və ABŞ-dən asılı olmadan siyasi əhəmiyyətini artırmasının vacibliyini vurğulayıb.

Digər tərəfdən, SPD-dən olan deputat Co Vayngarten, yalnız silah tədarükünün münaqişəni həll etməyə kifayət etməyəcəyini bildirib. O, siyasi dəstəyin təmin edilməsinin və döyüşlərin dayandırılması üçün diplomatik həll yollarının tapılmasının əhəmiyyətini vurğulayıb. "Biz FDP-nin bu qətnaməsini dəstəkləməyəcəyik," - deyə o bildirib.

Xatırladaq ki, Almaniya kansleri Olaf Şolts, Ukraynaya uzaqmənzilli silahların Rusiyanın daxilində hücumlar üçün istifadəsinə icazə verməyəcəklərini və Taurus raketlərinin tədarükünü planlaşdırmadıqlarını bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31