Meksikada aktrisa ruhani təmizləmə ritualında həyatını itirdi – ÖZƏL
6 Dekabr 2024 10:09 DünyaDekabrın 1-də, bazar günü, Meksikada keçirilən ruhani təmizləmə ritualı zamanı tanınmış aktrisa Marsela Alkazar Rodriqes həyatını itirib.
Olaylar.az xəbər verir ki, 33 yaşlı aktrisa nəhəng Amazon qurbağasının dərisindən çıxarılan zəhərli maddəni qəbul etdikdən sonra ağır reaksiyaya məruz qalıb.
Hadisənin baş verdiyi ilk anlarda aktrisaya tibbi yardım göstərilməsindən imtina olunub və daha sonra o, Qırmızı Xaç xəstəxanasına çatdırılıb. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Duranqo ştatının baş prokurorluğu məsələ ilə bağlı cinayət işi açıb. İstintaq çərçivəsində ritualı idarə edən şamanın axtarışına başlanılıb.
"Kambo" adlanan bu zəhərli maddə, Cənubi Amerika yerli tayfaları tərəfindən ənənəvi dərman vasitəsi kimi istifadə edilir. Maddə qurbağaların dərisindən əldə edilir. Bunun üçün qurbağalar odun yaxınlığında saxlanılır və dərilərindən zəhər çıxarılır. Daha sonra bu maddə xəstənin dərisində açılan kiçik yanıq yarasına tətbiq olunur. Nəticədə xəstə dərhal qusma, ishal, ürək döyüntüsünün artması və üz şişkinliyi kimi təsirlər yaşayır. Bununla belə, bu reaksiyaların qısa müddətli olduğu iddia edilir.
Oxşar hadisə Hindistanda da baş verib. Tamil Nadu əyalətinin Kula Pallur Çettipalayam məbədində keçirilən festivalda bir keşiş heyvan qurbanı zamanı keçinin qanını içdikdən sonra həyatını itirib.