Xarici alimlər Rusiyanın CERN-dən xaric edilməsinə qarşı çıxıb – ÖZƏL
30 Noyabr 2024 10:13 DünyaAvropa Nüvə Tədqiqatları Təşkilatından (CERN) Rusiyanın xaric edilməsi qərarına xarici alimlər etiraz edib. Lakin bu qərar hökumət səviyyəsində qəbul edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Andrey Fursenko məlumat verib. Onun sözlərini RİA Novosti yayımlayıb.
Fursenkonun qeyd etdiyinə görə, Rusiyanın CERN-dən çıxarılması məsələsində fikirlər ciddi şəkildə bölünüb. Hökumətlər bu təşəbbüsü dəstəkləsə də, alimlər əksinə, onun əleyhinə çıxıb.
"Bildiyim qədər, elmi dairələr (rus alimlərinin CERN-dən çıxarılması təşəbbüsünü - red.) rədd etməyin tərəfdarı idi", - deyə Fursenko bildirib.
O əlavə edib ki, xarici alimlər rusiyalı həmkarları ilə əməkdaşlığın davam etdirilməsini fəal şəkildə dəstəkləyib. Bununla belə, qərar Ukraynanın "güclü təzyiqi" altında qəbul edilib.
"Alimlər bunu çox yaxşı başa düşür", - deyə prezidentin köməkçisi fikrini yekunlaşdırıb.
Xatırladaq ki, mart ayında CERN-in Rusiya ilə əməkdaşlığı dayandırdığı və 500-dən çox rusiyalı mütəxəssisin təşkilatdan uzaqlaşdırıldığı bildirilmişdi. Buna cavab olaraq Moskva CERN-ə maliyyə dəstəyini dayandırıb.