Rusiya "3+3" platformasını təşkilata çevirmək üzərində işləyir
29 Noyabr 16:56 DünyaRusiya Cənubi Qafqaz üzrə "3+3" regional əməkdaşlıq platformasını tam hüquqlu təşkilata çevirmək üçün iş aparır.
Olaylar xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada keçirilən "Rusiya - Ermənistan" adlı ikinci ictimai forumda çıxışı zamanı bildirib.
"Region ölkələrinin maraqlarını harmonizasiya etməkdə "3+3" platformasına böyük önəm veririk. Onun Cənubi Qafqazda qarşılıqlı əməkdaşlıq üzrə tam hüquqlu təşkilata çevrilməsi üzərində işləyirik", - deyə M.Qaluzin qeyd edib.
O həmçinin vurğulayıb ki, Rusiya əvvəlki kimi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə hərtərəfli dəstək göstərməyə davam edir.
Qeyd edək ki, Cənubi Qafqaz üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb və sonradan "3+3" adını alıb. Rusiya və İran bu ideyanı dəstəkləyib, Ermənistan da formata qoşulub. Gürcüstan isə təşəbbüsdə iştirak etmək niyyətində olmadığını bəyan edib.
2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlikləri səviyyəsində regional məsləhətləşmə platformasının ilk iclası keçirilib.