Orban "Oreşnik"ə görə qorxuya düşüb: "Ümidimi Trampa bağlamışam"
29 Noyabr 14:43 DünyaMacarıstanın Baş naziri Viktor Orban Qərb ölkələrinə xəbərdarlıq edib.
Olaylar.az bildirir ki, o, bu barədə "Kossuth" radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib. Orban qeyd edib ki, Qərb ölkələrindən olan hərbçilərin Ukraynada görünməsi son dərəcə narahatedicidir.
Onun sözlərinə görə, son günlər Ukraynada hərbi əməliyyatlarla bağlı "iki şok xəbər" olub.
"Birincisi, Rusiyanın məlumatlarına görə, rusların Ukrayna ərazisinə endirdiyi aviazərbələr nəticəsində Amerika və Fransa əsgərləri ölüb. Bu o deməkdir ki, həmin əsgərlər oradadır. Əvvəlcə siz müharibəni dəstəklədiyinizi deyirsiniz, sonra ora silah göndərirsiniz və gec-tez orada ölə biləcək əsgərlər peyda olur. Bu isə narahatedici məqamdır. Düzdür, bu məlumatlar əlavə yoxlama tələb edir, lakin Avropa ölkələrinin liderləri buna diqqət yetirməlidirlər".
Baş nazirin sözlərinə görə, digər həyəcanverici xəbər Rusiyanın Ukraynanın hərbi-sənaye kompleksinə hücum etmək üçün yüksək dəqiqliyə və böyük dağıdıcı gücə malik olan ən son "Oreşnik" ballistik raketindən istifadə etməsidir. Orban hesab edir ki, Qərb Ukrayna münaqişəsində iştirakını daha da genişləndirsə, bu raket yeni dünya müharibəsi təhlükəsini artıraraq Avropadakı hədəflərə yönələ bilər.
O, xəbərdarlıq edib ki, Qərb liderləri də bu barədə düşünməlidirlər: "Biz çətin və eyni zamanda qəribə vəziyyətdəyik. Çünki biz sülhə heç vaxt bu qədər yaxın olmamışıq və hərbi vəziyyət heç vaxt indiki qədər təhlükəli olmayıb".
Orban son olaraq ABŞ-nin yeni prezidenti Donal Trampa ümid etdiyini bildirib:"Savaşla bağlı bütün ümidlərimi yanvarın 20-də vəzifəyə gəldikdən sonra bu problemi həll etmək niyyətini bildirən ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa bağlamışam".