Bortnikov: ABŞ-nin xarici siyasətində ciddi dəyişikliklər gözlənilmir – ÖZƏL
26 Noyabr 2024 11:23 DünyaRusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov ABŞ-də Donald Trampın prezidentliyə gəlməsinin Vaşinqtonun xarici siyasətində ciddi dəyişikliklərə səbəb olacağına inanmır. Eyni zamanda, o vurğulayıb ki, mövcud prezident Co Baydenin komandası beynəlxalq vəziyyəti daha da gərginləşdirə bilər.
Olaylar.az xəbər verir ki, bu fikirləri Bortnikov Moskvada keçirilən MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin XX toplantısında səsləndirib. Onun sözlərinə görə, ABŞ xarici siyasətində kardinal dəyişikliklər ehtimalı aşağıdır. Lakin Bayden administrasiyasının ABŞ üçün strateji əhəmiyyət daşıyan bölgələrdə, o cümlədən postsovet məkanı, Yaxın Şərq və Cənub-Şərqi Asiyada gərginliyi artırmağa çalışa biləcəyini bildirib.
Bortnikov hesab edir ki, bu addımların əsas məqsədi yeni administrasiyanın mövcud problemləri həll etməsini çətinləşdirməkdir. O qeyd edib ki, artıq ilk addımlar atılıb, xüsusən də Ukrayna rejiminə uzaqmənzilli raketlərlə Rusiya ərazisinə zərbələr endirməyə icazə verilməsi buna nümunədir. Bu cür addımların Ukraynada vəziyyəti daha da mürəkkəbləşdirəcəyini vurğulayıb.