Kiyev Qərbdən THAAD sistemini istəyə bilər- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna hökuməti Qərb ölkələrindən Rusiya ballistik raketləri "Orejnik"i vurmaq üçün THAAD raket əleyhinə müdafiə sisteminin verilməsini istəyə bilər.

Məlumatda bildirilir ki, Kiyev hazırda istifadə edilən raketin tipinin ekspertlər tərəfindən təsdiqini gözləyir. Bu təsdiqdən sonra Qərbdən uzaq mənzilli ballistik raketləri zərərsizləşdirə bilən sistemlərin verilməsi tələb olunacaq. THAAD sistemi Lockheed Martin tərəfindən istehsal edilir və Ukraynanın tələbləri siyahısında ola bilər.

Daha əvvəl The New York Times yazmışdı ki, Ukraynanın "Orejnik" raketlərini aşkarlamaq üçün radarları və onları vurmaq üçün hava hücumundan müdafiə sistemləri yoxdur.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 21-də "Orejnik" orta mənzilli raketinin uğurla sınaqdan keçirildiyini açıqlamışdı. Bu, Dnepropetrovskdakı "Yujmaş" zavoduna endirilmiş zərbə ilə əlaqədar verilmişdi. Putin həmçinin bildirib ki, bu zərbə, Qərb silahlarının Rusiyaya qarşı istifadəsinə cavab olaraq həyata keçirilib.

AP agentliyi qeyd edib ki, "Orejnik"in buraxılışı daha çox Qərbə bir siqnaldır. Rusiya bu addımla orta mənzilli ballistik raketlər yarışına hazır olduğunu göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31