Abxaziyada siyasi gərginlik: Prezident Rusiya ilə saziş layihəsini geri götürdü – ÖZƏL
16:53 DünyaAbxaziya prezidenti Aslan Bjaniya, Rusiya ilə investisiya layihələrinin həyata keçirilməsini nəzərdə tutan sazişin ratifikasiyasına dair qanun layihəsini geri götürmək qərarına gəlib. Bu addım bölgədəki vəziyyəti sabitləşdirmək məqsədilə atılıb və hazırda müvafiq sənəd hazırlanır.
Olaylar.az xəbər verir ki, Prezident Administrasiyasının nümayəndələri bildiriblər ki, bu qərar ölkədəki ictimai-siyasi vəziyyəti yaxşılaşdırmaq məqsədi güdür.
Qeyd edək ki, Abxaziya parlamenti daha əvvəl Rusiya hüquqi şəxslərinin investisiya fəaliyyəti ilə bağlı hökumətlərarası sazişin müzakirəsini müvəqqəti dayandırmış və bu məsələ gündəmə salınmamışdı.
Bununla əlaqədar olaraq parlament binası qarşısında çoxsaylı etirazçılar toplaşıb və sazişin əleyhinə səs verilməsini tələb ediblər. Yerli media xəbər verir ki, bəzi etirazçılar avtomobil vasitəsilə dəmir qapıları dağıdaraq parlament binasına daxil olublar və orada iğtişaşlar törədiblər.
Mitinq iştirakçıları tələbləri yerinə yetirilməyənədək aksiyanı dayandırmayacaqlarını bildiriblər. Onlar eyni zamanda hüquq-mühafizə orqanlarına daş və ağac parçaları atıblar.