Alimlər termoelektrik materialların effektivliyini artırıblar- ÖZƏL
19 Avqust 2024 17:08 DünyaOlaylar.az pravda.ru-ya istinadən xəbər verir ki, POSTECH və Corc Vaşinqton Universitetinin tədqiqatçıları ənənəvi analoqları ilə müqayisədə enerjiyə çevrilmə səmərəliliyini 360% artıran yeni qum saatı formalı termoelektrik material hazırlayıblar.
Adətən, termoelektrik materialların tədqiqatlarında əsas diqqət onların fiziki xassələrinin yaxşılaşdırılmasına yönəldilirdi. Lakin bu araşdırmada materialın formasını dəyişdirməklə onun effektivliyini əhəmiyyətli dərəcədə artırmaq mümkün olduğu sübut edildi. Alimlər 3D çap və geometrik dizayn metodlarından istifadə edərək müxtəlif formalarla təcrübələr aparıblar. Məlum olub ki, qum saatını xatırladan konfiqurasiya istiliyi elektrikə çevirmədə maksimum effektivlik təmin edir. Bu forma yalnız istilik keçiriciliyini azaltmır, həm də 3D çap edilmiş materiallar üçün termoelektrik effektivlik əmsalını rekord səviyyəyə (ZT = 2,0) çatdırır.
Bu unikal dizayn istilik axınının səmərəli paylanmasını və elektrik xarakteristikalarının yaxşılaşdırılmasını təmin edir ki, bu da yüksək temperaturlu generatorlarda istifadə üçün xüsusilə vacibdir. Alimlər ümid edirlər ki, bu kəşf davamlı enerji və termoelektrik soyutma sahəsində mühüm addım olacaq.