ABŞ Bakı ilə daha isti dialoqa getməkdə maraqlıdır - ÖZƏL
1 Avqust 2024 16:44 Dünya"O-Brayn Azərbaycan və Ermənistanla bağlı, xüsusilə sülh müqaviləsi ilə bağlı artıq tez-tez fikirlər səsləndirir. Bu da təbii ki, onun özü ilə bağlı deyil, Amerikanın regional və təbii ki, iki ölkəyə baxış bucağından asılıdır".

Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"ABŞ başa düşür ki, regionda sülhün əldə edilməsi, xüsusilə də onun Rusiya ilə mübarizə fonunda, Rusiyanın bu regiondakı, yəni Cənubi Qafqazdakı təsir dairəsinin zəifləməsinə, habelə digər bir regiona keçid etməsinə gətirib çıxara bilər. Söhbət təbii ki, Mərkəzi Asiya regionundan gedir. Yəni Cənubi Qafqazda sülhün əldə edilməsi, öz növbəsində gələcəkdə Mərkəzi Asiya ölkələrinin də Rusiya və Çinin təsirindən çıxıb Qərbə inteqrasiyası ilə nəticələnə bilir. ABŞ bu istiqamətdə ən önəmli, xüsusilə də Bakının maraqlarına uyğun olan maneəsiz hərəkət prinsipi əsasında Zəngəzurdan gediş-gəlişinin təmin edilməsini istəyir. Təbii ki, bunun dəhliz prinsipi olub-olmayacağını zaman göstərəcək və nəticə etibarilə kommunikasiya xətlərinin bərpası və gediş-gəlişin artıq bərpa edilməsi istiqamətində Ermənistana müəyyən təzyiqlər də var və əslində bu açıqlamalardan o nəticəyə gəlmək olar ki, ABŞ Bakının yaratdığı reallıqları və bu reallıqların geosiyasi dividentlərinin fərqindədir və buna görə də artıq proseslərə daha loyal yanaşır və Bakı ilə daha isti dialoqa getməkdə maraqlıdır".