Macarıstan Aİ-nin Venesueladakı seçkilərlə bağlı birgə bəyanatını bloklayıb- ÖZƏL

Avropa Birliyi Venesuelada keçirilən prezident seçkilərindən sonra Macarıstanın veto qoyması səbəbindən yaranmış vəziyyətlə bağlı vahid bəyanat verə bilməyib. 

Olaylar.az xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri yazır.

Nəşrin adı açıqlanmayan iki rəsmiyə istinadən verdiyi məlumata görə, Aİ ölkələri prezident seçkiləri zamanı "nöqsanlar və qanun pozuntuları" ilə bağlı narahatlıqlarını bildirməyi planlaşdırıblar. Bəyanatında Aİ seçkilərdə "daha şəffaflıq" tələb etmək niyyətində idi, lakin Budapeşt veto ilə buna qarşı çıxdı.

Nəticədə, yalnız Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell öz adından bəyanatla çıxış edərək, Venesuela seçki komissiyasını bütün seçki məntəqələrində səsvermə qeydlərinə girişi təmin etməyə çağırıb.

Xatırladaq ki, Venesuelanın hazırkı prezidenti Nikolas Maduronun qərargahı prezident seçkilərində qələbə qazandığını elan edib. Bundan sonra Karakasda müxalifət tərəfdarları ilə hüquq-mühafizə orqanları arasında toqquşmalar başlayıb. Etirazçılar molotov kokteylindən istifadə edib, hüquq-mühafizə orqanları isə gözyaşardıcı qazla cavab verib.

Latın Amerikasının doqquz ölkəsi Venesueladakı vəziyyətdən narahatlığını ifadə edərək, seçkilərin nəticələrinə yenidən baxılması tələbi ilə birgə bəyanat qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31