İran siyasətində işıqlı nöqtələr görünür- ÖZƏL

"Uzun illər mövcud olan idarəetmə sistemi İranın həm daxilində, həm də xaricdə ciddi problemlər yaradırdı. Nəhayət İranda prezident seçkilərində islahatçı Məsud Pezeşkianın qalıb gəlməsi müsbət əhval-ruhiyyə yaradıb. Toplum hər zaman yeniliyə, inkişafa, həyat şəraitinin yaxşılaşmasına meylli olur. O baxımdan qonşu ölkədə islahatçı qanada belə dəstək dəyişikliyin nə qədər zəruri olduğunu göstərir".



"Olaylar" xəbər verir ki, bunu deyən ekspert Əkrəm Bəydəmirlinin sözlərinə görə, bu gün bəziləri düşünür yeni seçilmiş Məsud Pezeşkianın prezident olaraq geniş səlahiyyətləri yoxdur. Bu aydın məsələdir. Lakin onun geniş manevr imkanları, müxtəlif əhali təbəqəsindən gələn böyük dəstəyi, nəhayət türk olaraq Azərbaycan türkləri qarşısında öhdəliyi var: 
"Digər tərəfdən Məsud bəy dərk edir ki, islahatlar sosial sifarişdir. Əgər yeniliyi, islahatları imitasiyaya çevirəcəksənsə o zaman mühafizəkarlarla sənin aranda bərabərlik işarəsi yaranacaq. Bu isə insanların inamının qırılması olar. Hər halda hadisələri qabaqlayıb tələsməyək. Ümid edək ki, yeni prezident Məsud Pezeşkian İranın vaxtılə etdiyi tarixi səhvləri təkrar etməyəcək. O, türk olaraq güclənən Türk dünyası ilə səmimi əməkdaşlığa, Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək. İranda yaşayan 40 milyona yaxın azərbaycanlıların  öz dillərində təhsil hüquqlarının təmin edilməsinə nail olacaq. Çünki böyük bir əhalinin öz ana dilində təhsil alması tarixi nailiyyət olar. Digər tərəfdən prezident Məsud Pezeşkian  Azərbaycan və Türkiyə vasitəsilə nəhəng tranzit layihələrə qoşulmaq şansını dəyərləndirməklə  İranı çox ağır iqtisadi böhrandan xilas etmiş olar. Təbii ki, bütün bunlar ehtimallardır. Yaşayarıq görərik.
Sonda onu da xüsusi olaraq qeyd etmək istərdim ki, İranın Ermənistandakı ermənibaş səfirinin Anti-Azərbaycan çıxışlarına son qoymaq  üçün prezident Məsud Pezeşkianın tapşırıqlar verəcəyinə ümid edək. Həmin o səfirin çıxışları İranla Azərbaycan arasında münasibətlərə xələl gətirir".

Alim Hüseynli
Oaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31