Hindistanda yeməkdən imtina edən təyyarə sərnişini həbs edilib- ÖZƏL

Dehli Beynəlxalq Hava Limanında 5 saatlıq uçuş zamanı stüardessaların təqdim etdiyi yemək və içkilərdən imtina edən şəxs həbs edilib. 

Olaylar.az "Times Of India"-ya istinadən xəbər verir ki, bir neçə imtinadan sonra təyyarənin kapitanı sərnişinin şübhəli davranışı barədə hava nəqliyyatının idarə edilməsi vasitəsilə təhlükəsizlik xidmətinə məlumat verib.

Təyyarə yerə enən zaman qəribə adam sorğu-sual və yoxlama üçün saxlanılıb. Məlum olub ki, o, düz bağırsağında gizlədilən qızılları yaşıl gömrük dəhlizindən keçirməyə cəhd edib. Qızıllar dörd oval kapsulun içində olub. 

"Sərnişindən 1096,76 qram qızıl götürülüb", - deyə gömrükçülər bildiriblər. 

O, Ciddədən qaçaqmalçılıq yolu ilə qızıl apardığını etiraf etdikdən sonra Gömrük Qanununa əsasən həbs edilib. Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31