Ermənistan hakimiyyəti növbədənkənar parlament seçkiləri keçirməyəcək
10 İyun 2024 16:56 DünyaErmənistan hakimiyyəti müxalifətin etirz aksiyaları fonunda növbədənkənar parlament seçkiləri keçirməyəcək.
Olaylar xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib.
"Biz bu məsələni müzakirə etməmişik və etməyə hazırlaşmırıq", - o deyib.
Simonyan bu məsələnin parlamentin gündəliyinə daxil edilməyəcəyini bildirib və bunu absurd adlandırıb.
Qeyd edək ki, Ermənistanda bir müddətdir Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.
Etirazlara rəhbərlik edən Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Srbazan (Qalstanyan) bildirib ki, etirazçılar Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb olan mümkün bütün variantları, o cümlədən parlamentin müxalifət fraksiyasının mandatlarından imtinasını müzakirə edir. (Trend)