İranda prezident seçkilərinə namizədlərin adları açıqlanacaq - Bu tarixdə

İyunun 11-də İranda 14-cü çağırış prezident seçkilərinə namizədlərin adları elan olunacaq.

Olaylar-ın məlumatına görə, bunu İranın Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahının rəhbəri Məhəmməd Təqi Şahçeraği deyib.

Onun sözlərinə görə, 5 gün ərzində (30 may -3 iyun) 278 nəfər namizədlik qeydiyyatı üçün müraciət edib. Onlardan 80 nəfər qeydiyyatdan keçib. Növbəti mərhələdə Konstitusiyaya Nəzarət Şurası namizədlərin səlahiyyətinin olub-olmaması mərhələsini həyata keçirəcək.

Şahçeraği bildirib ki, 28 iyunda İranda prezident seçkilərinin 60 min seçki dairəsinin 90 min seçki məntəqəsində keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, İranda prezident seçkilərinə namizədlik qeydiyyatından keçənlərin 4-ü qadın, qalanı kişidir. Qeydiyyatdan keçənlərin 43-ü müxtəlif dövrlərin deputatı, 1 parlament sədri (Məhəmməd Baqir Qalibaf), 1 sabiq parlament sədri (Əli Laricani), 1 eks-prezident (Mahmud Əhmədinejad), 13 sabiq hökumətlərin naziri və 3 hazırkı hökumətin naziridir. Namizədliyini irəli sürən arasında ən gəncləri yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş və sabiq deputat Həmidə Zərabadi -44 yaş, ən yaşlısı isə "İslahatçılar" düşərgəsinin əsas liderlərindən hesab olunan Əli Sufidir.

Əlavə edək ki, İranda növbədən kənar prezident seçkiləri 28 iyunda keçiriləcək. Ölkədə dövlət idarəçiliyində əsas vəzifələrdə ən azı 4 il fəaliyyət göstərən, yaşı 40-75 arasında olan və minimum magistratura üzrə elmi dərəcəsi olan şəxslər prezidentliyə namizəd ola bilərlər. Qeydiyyata alınan şəxslərin namizədliyi İranın Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31