İran prezident seçkilərinə 59 nəfər qeydiyyatdan keçib

28 iyunda keçiriləcək prezident seçkilərinə indiyədək 59 nəfər qeydiyyatdan keçib.

Olaylar-ın məlumatına görə, bunu İranın Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

Onun sözlərinə görə, indiyədək seçkilərdə namizədlik qeydiyyatı üçün 213 nəfər Seçki Qərargahına müraciət edib.

Eslami bildirib ki, bu gün 86 nəfər qeydiyyat üçün Seçki Qərargahına müraciət edib. Onlardan 22 nəfər qeydiyyata alınıb. 1 nəfər qadın, 21 nəfər kişidir.

Eslami bu gün qeydiyyatın son günü olduğunu və müddətin uzadılmayacağını diqqətə çatdırıb.

Qeyd edək ki, İranda növbədən kənar prezident seçkiləri 28 iyunda keçiriləcək. Ölkədə dövlət idarəçiliyində əsas vəzifələrdə ən azı 4 il fəaliyyət göstərən, yaşı 40-75 arasında olan və minimum magistratura üzrə elmi dərəcəsi olan şəxslər prezidentliyə namizəd ola bilərlər.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.
Qəza nəticəsində 9 nəfər həlak olub. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31