Ermənistan Rusiya ilə ittifaqı Qərbin qeyri-müəyyən vədlərinə dəyişməyə çalışır - Lavrov

İrəvan Qərbin sözlərinə inanaraq Moskva ilə ittifaqı qeyri-müəyyən vədlərə dəyişməyə çalışır.

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunları ilə bağlı TASS agentliyinə müsahibəsində deyib.

"Əfsuslar olsun ki, rəsmi İrəvan Qərbin vədlərinə inanaraq, öz xarici siyasətini yenidən formalaşdırmağa çalışır. Moskva ilə zamanla sınanmış müttəfiq əlaqəsini hətta Qərbin konkret yardımına deyil, qeyri-müəyyən vədlərinə dəyişməyə çalışır", - o deyib.

Lavrov Qərb ölkələrinin Ermənistana və bütünlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmadığını, onların əsl məqsədinin Moskvanı sıxışdırmaq olduğunu qeyd edib.

"Hazırda Ermənistan bir sıra çağırışlarla üz-üzədir. Üstəlik, Qərb oyunçularının köməyilə onların qarşısını almaq mümkün olmayacaq. ABŞ və Aİ Rusiyadan fərqli olaraq, ölkəyə və bütünlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır", - deyə rusiyalı nazir qeyd edib.

"Onların məqsədi tamam başqadır: Moskvanı və digər region ölkələrini sıxışdırmaq", - deyə Lavrov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31