Rusiyanı Çinlə əməkdaşlığa nə vadar edir? - ÖZƏL
18 Aprel 2023 11:07 Dünya"Çin Xalq Respublikasının yeni müdafiə naziri Li Şanfu ilk rəsmi səfərini Rusiya Federasiyasına etdi. Bu Çin Xalq Respublikasının sədri Si Cinpinin ölkə rəhbəri seçilməsindən və ilk səfərini Rusiyaya etməsindən dərhal sonra baş verdi. Li Şanfu da Rusuya prezidenti Vladimir Putinlə görüşdə bu məqamı dövlətlər arasında strateji əməkdaşlığın mövcudluğu ilə əlaqələndirdi. Bununla da Çin Qərblə - ABŞ-la müharibə vəziyyətində olan Rusiyanın həm siyasi, həm də hərbi müstəvidə yanında olmasının göstəricisi kimi təhlil olunmalıdır". "Olaylar"ın məlumatına görə, bunu deyən Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirib ki, Li Şanfunun aprelin 19-na kimi davam edəcək səfəri çərçivəsində hərbi-texniki sahədə hansı razılaşmaların əladə olunacağına dair müfəssəl məlumat olmasa da, əməkdaşlığın hərbi sahə daha da inkişaf edəcəyi şübhəsizdir. Əslində Valdimir Putin Li Şanfunu qəbul edən zaman hərbi-texniki sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə işarə etdi: "Əlbəttə, məlumdur ki, Rusiyanln Ukraynada ABŞ və NATO ölkələrinin istehsalı olan bir sıra hərbi-texniki vasitələrlə mübarizədə müəyyən çətinlikləri mövcuddur. Bunlar xüsusilə dronlarla bağlı məsələdir. Mövcud əməliyyat şəraitində Rusiyanın müasir anti-dron siatemlərə ehtiyacı artmaqdadır. Yerli texnoloji imkanlar isə Ukrayna ordusuna verilən dronlarla effektiv mübarizəyə imkan vermir.
Digər tərəfdən zirehli transportyorların - tankların müasir döyüş aparma tələbləri də Rusiyanın Çinlə əməkdaşlığa məcbur edir. Yəni döyüşün idarə olunması sistemləri səviyyəsində tankların modernləşdirilməsinə böyük ehtiyac var. Çin isə özünün strateji müttəfiqinə bu imkanı yaradacaq texnoloji imkanlara malikdir. Bir sözlə, Çin 2022-ci ilin fevralından NATO ilə açıq müharibə aparan Rusiyanın strateji tərəfdaşı olduğunu nümayiş etdirmək qərarına gəlib. Bu nümayişkəranə proses son 1 ayda daha açıq büruzə verilməyə başlayıb.
Təbii ki, Çin bu prosesdə yer almağa məcbur edən amil təkcə Rusiya ilə 70 ilə dayanan müttəfiqliyi deyil. Bu həm də Çinin özünə qarşı Rusiyadan sonra yönələ biləcək təzyiqlərin qarşısını almaq məqsədi daşıyır. Söhbət ideoloji baxımdan anti-ABŞ mövqeyində olan Çinin mövcudluğundan gedir. Yəni Pekin artıq anlayır ki, Çin üçün müharibə cəbhəsi Rusiyadan başlayır. Əgər Rusiyanı Qərblə savaşda tək qoyarsa, gələcəkdə ona dəstək verən dövlət qalmayacaq".
Onun sözlərinə görə, Çin-Rusiya hərbi əməkdaşlığının yeni dövrünü həm də ikiqütblü dünyanın yaranmasında təkanverici proses kimi də qeyd etmək olar: "Artıq gələcəkdə Ukrayna müharibəsini yeni ikiqütblü dünyanın yaranma dövrü kimi təqdim edə biləcəyik. Sual oluna bilər. Belə bir vəziyyətdə bu iki dövlətin orbitində yerləşən ölkələrin manevr imkanları necə olacaq? Şübhəsiz ki, bu dövlətlərin Pekin və Moskvanın siyasi oxundan kənara çıxmaq şansı daha da azalacaq. Dünya "Soyuq müharibə"nin yeni dövrünə qədəm qoydu. Müasir çağrışlar Avrasiya məkanının siyasi və hərbi-siyasi formata keçid etməsi prosesini sürətləndirir".