Bolunun Göygölü - ABANT

Əvvəli buradan oxuya bilərsiniz: https://olaylar.az/news/dunya/480473

Ötən yazıda qeyd etdiyim kimi Bolunun ən füsunkar, turistlərin daha çox üz tutduğu məkanlarında biri də Abant gölüdür. Eynən Azərbaycanın Göygölü kimi dağlarla əhatələnib. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Milli Parklar İdarəsinin tabeliyində olan Abant gölü Bolunun 34 kilometr cənub qərbində yerləşir.

Dağlarla əhatələnmiş füsnkar təbiətə malik göl

Türkiyənin istənilən nöqtəsindən Boludakı Abant gölünə getmək mümkündür və bunun üçün müxtəlif nəqliyyat vasitələrindən istifadə etmək olar. Ankara-İstanbul D-100 magistral yolunun və TEM avtomobil yolunun 203 kilometrliyindən ayrılaraq cəmi 22 kilometrlik bir məsafə qət etməklə Abant gölünə çatmaq mümkündür. Ümumilikdə isə göl Boluya 34 kilometr, paytaxt Ankaraya 225 kilometr,  İstanbula isə 258 kilometr məsafədə yerləşir. Bolunun mərkəzindən isə hər iki saatdan bir Abant Gölünə özəl xalq avtobusları işləyir.

Yuxarıda da qeyd etdiyimiz kimi göl Abant dağları ilə əhatələnib.  Abant dağlarının göl ətrafındakı hündürlüyü 1400-1700 metr təşkil edir. İlin hər bir fəsli füsunkar gözəlliyə malik olan Abant gölü bu səbəbdən istər yerli, istərsə də xarici turistlərin ən çox üz tutduğu məkanlardan biri sayılır. Düzdür, göl ətrafında nə bir kafe-restoran, nə də otel vardır. Haşiyədən kənara çıxaraq qeyd edərdim ki, Abant gölünü Göygöldən fərqləndirən başlıca amillərdən biri də məhz budur. Abant gölü ətrafında hansısa iaşə obyekti, restoran, otellər şəbəkəsinin olmamasının başlıca səbəbi isə sözügedən gölün Milli Parklar İdarəsinin tabeliyində olmasıdır. Ancaq buna rəğmən qeyd etdiyimiz kimi bura ilin bütün fəsillərində çoxlu sayda turistlər təşrif buyurur. Xüsusilə də həftə sonlarında. Bələdçimiz, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təmsilsiçi Ahmet Mumcunun dediyinə görə, 127 hektar ərazini əhatə edəm Abant gölü dəniz səviyyəsindən 1328 metr yüksəklikdə yerləşir: "Göl tamamən yeraltı sularla qidalanır. Gölün dərinliyi təxminən 18 metr təşkil edir". Ahmet Mumcu deyir ki, Abant Gölü və ətrafının bitki zənginliği, eyni zamanda böyük bir açıq hava potensialına malik olması səbəbindən ərazinin 1196,5 hektarlıq hissəsi 1988-ci ildə "Təbiət Parkı" olaraq mühafizə altına alınıb. Çünki Abant Gölünün ətrafı flora və fauna baxımından çox zəngindir".

Ərazidə turistlər üçün yerləşdirilmiş məlumat lövhəsindən aydın olur ki, Abant gölü ətrafındakı ərazilərdə sarıçam, qaraçam, kayın, meşə, kavak, dişbudaq, gürgen, söyüd, ardıç, həmçinin ormangülü, ılgın, fındıq, muşmula, papazkülahı, alıç, çobanpüskülü, quşburnu, eğrelti, böyürtkən, çiyələk, nanə, ahududu, sarmaşıq, ısırgan, atquyruğu, çayır ağc və otları bitir.

Abantı turistlər üçün cəlbedici edən məqamlar

Abant gölünü turistlər üçün cəlbedici edən məqamlardan biri də göldə balıq ovuna icazənin verilməsidir. Belə ki, ilin müəyyən zamanında balıq tutmaq həvəskarı olan şəxslər simvolik bir məbləğ ödəyərək göldən balıq tutmaq şansı əldə edə bilirlər. Bələdçimizə həmin zaman necə müəyyən edilir sualını verdikdə Ahmet Mumcu balıqların kürü tökmək zamanı olmayan vaxtlarda göldə balıq ovuna icazə verildiyini diqqətə çatdırıb. Balıqların kürü tökdüyü aylarda isə göldə balıq ovu qəti şəkildə qadağan edilir. Balıq tutmaq həvəsində olan şəxslərin bu məqsədlə ödədikləri vəsaitə gəlincə isə, həmin vəsait göl ətrafında təmziliyin təmin olunması məqsədilə zəruri avadanlıqların alınmasına, ərazidə yerləşən muzeyin saxlanmasına sərf olunur. Vəsaitdən söz düşmüşkən onu da qeyd etmək yerinə düşər ki, gölün ərazisinə daxil olmaq tamamilə pulsuzdur və bunun üçün ziyarətçilərdən ya özləri, ya da avtomobilləri üçün heç bir vəsait tələb olunmur. Elə bu amilin özü də həm yerli, həm də xarici turistlərin Abant gölünü ziyarət etməsinə səbəb olan amillərdəndir. Xüsusilə həftə sonlarında əraziyə çoxlu sayda turist təşrif buyurur ki, onlar burada piknik təşkil edərək asudə vaxtlarını səmərəli keçirirlər.

Tətil günlərində istirahətin tək məkanı

Tətil günlərini Abant gölü ətrafında keçirmək istəyənlər üçün də burada, daha doğrusu Abant gölünə yaxın ərazidə ideal şərait yaradılıb. Belə ki, gölə yaxın bir məsafədə, lakin onun, bir qədər də dəqiqləşdirsək Milli Qoruq ərazisinə aid olmayan hissədə 2 ədəd 5 ulduzlu otel inşa olunub ki, tətil günlərini burada keçirmək istəyənlər gecələri həmin oteldə qala, səhərlər isə göl kənarında istirahət edə bilərlər. Həmçinin ərazidə digər qonaqlama xidmətləri, hostellər də mövcuddur.

Gölün ərazisinə giriş hissə də, Abant Təbiət Parkında ziyarətçi tanıtım mərkəzi də fəaliyyət göstərməkdədir. Qeyd edim ki, sözügedən mərkəzə daxil olmaq da tamamilə pulsuzdur. Bu azmış kimi Abant Təbiət Parkı ziyarətçi tanıtım mərkəzində çalışan əməkdaşlar ora təşrif buyuran qonaqlara gölün tarixi, malik olduğu imkanlar, ərazinin fauna və florası barədə ətraflı məlumat verirlər. Bir sözlə, tətil günlərində istirahətin yeganə məkanı Abant gölüdür deyə bilərik.

Abant Təbiət Parkı ziyarətçi tanıtma mərkəzində diqqətimizi çəkən məqamlardan biri müxtəlif heyvan növlərinin eskizləri, yaxud onların mumyalanmış halda saxlandıqları ölü canları oldu. Bələdçimiz Ahmet Mumcunun dediyinə görə, ərazidə baş verən yol nəqliyyat hadisələri zamanı ölən heyvanların eskizləri və ya onların mumyalanmış halda cəsədləri  Abant Təbiət Parkı ziyarətçi tanıtım mərkəzində qoyulub ki, buranı ziyarət edənlər ərazidə hansı növ heyvan və ya quş, digər canlıların olduğu bilgisinə sahib olsunlar. Bu tanıtım həm də turistlər üçün xəbərdarlıq mesajı sayıla bilər ki, gecə gec saatlarında gölün ətrafında dolaşmasınlar. Çünki hər an Bolu dağlarından və sıx meşə qatından göl kənarına təşrif buyurmuş yırtıcı heyvanların hücumuna məruz qala bilərlər.

Turistlərin üzləşə biləcəyi acı "sürprizlər"

Məlumat üçün qeyd edək ki, gölün ətrafındakı sıx meşələrdə tülkü, çaqqal, canavar, ayı kimi yırtıcılar mövcuddur ki, onlar da gecənin qaranlıq vaxtlarında meşədən Abant gölü sahilinə təşrif buyururlar. Eyni zamanda  donuz, maral, dövşan, sincab da rast gəlmək mümkündür. Daha çox qış aylarında, qarlı günlərində turistlər bu cür "sürprizlərlə" qarşılaşa bilirlər. Yırtıcı və gəmirici heyvanlar qarlı günlərdə yeyəcək bir şeylər əldə edə biləcəyi axtarışı ilə Abant gölü sahilinə baş vururlar.

Bundan başqa Abant gölünə əsrarəngiz gözəllik verən quş növlərinə də mütəmadi olaraq rast gəlmək mümkündür. Belə ki, su quşlarından yaban qazlar, yabanı ördəklər, balıkçıl, qarabattaq, durna tez-tez Abant gölündə turistlərin gözünə dəyə bilir. Soyuqlar düşəndə, yeyəcək bir şeylər tapmaq çətinləşəndə isə yırtıcı quş növlərindən şahin, qara akbaba, qaya qartalı, bəyquş, eləcə də diğər quş növləri Abant gölü ətrafında dövrə vuraraq ov axtarışına çıxırlar.

Abantın daimi sakinləri

Gölün daimi sakini isə iki ördəkdir. Sərt qış aylarında göl donduğundan onlar da müəyyən müddətə sahilə üz tutmalı və gölün donu açılana qədər ətrafda dolaşmalı olurlar. Təbii ki, bu zaman özlərini yırtıcılardan da qorumalıdırlar. Bu səbəbdən gölün ərazisində peyvənd olunmuş və ziyarətçilər üçün heç bir təhlükə kəsb etməyən bir neçə it saxlayırlar ki, məhz həmin itlər Bolu dağlarından və meşənin sıx qatlarından gölün ətrafına gələn yırtıcıların Abantın daimi sakinlərinə ziyanlıq verməmələrini təmin etməyə hesablanıb. Bir sözlə ərazidə atılan hər bir addım, görülən hər bir iş digər bir işlə paralellik təşkil edir, bir-birini tamamlayır. Yəni, bir sözlə hər şey sistemli şəkildə həyata keçirilir.

Abant gölünün da daxil olduğu Təbiət Parkı ərazisindəki satış nöqtələrində isə turistlər simvolik hədiyyələr də əldə edə bilərlər. Maraqlıdır ki, satılan hədiyyəlik əşyalar da elə simvolik qiymətə olur. Burada satııan hədiyyəlik əşyalarla turistlər təkcə Abant gölü deyil, eləcə də Bolu, onun zəngin mədəni tarixi, mətbəxi barədə məlumatlar əldə edə bilirlər. Daha dəqiq desək burada ümumilikdə Bolunun bir çox xüsusiyyətlərini özündə cəmləşdirən suvenirlər satışa çıxarılır. Bu həm də Bolunun digər turistik məkanları barədə xarici turistlərdə bilgilər formalaşdırır, onlarda həmin yerləri də görmək, ziyarət etmək arzusu formalaşdırır.

Abant həm də balığı ilə məşhurdur

Yeyəcəklərə, mətbəxə gəlincə isə Boluya gələnlər, yəni turistlər üçün ilk növbədə Abant gölünün məhsulu olan alabalığın dadına baxmaq tövsiyə olunur. Bu balıq növünün yalnız Abant gölündə olduğunu da bələdçimiz bizə bildirmiş oldu. Nadir balıq növlərindən olan alabalıq Abant gölünün qiymətli heyvan növlərindən sayılır. Elə 22 kilometrlik Abant gölü yolu üzərində də çoxlu sayda alabalıq təklif edən restoranlar mövcud olmaqdadır. İlin bütün fəsillərində Abant gölünün alabalığının dadına baxmaq üçün buradakı yolüstü restoranlarda qələbəlıik hökm sürür.

Ümumiyyətlə, Abant gölünə ziyarətə gələn bütün kateqoriyadan olan insanlar, turistlər üçün əlverişli şərait yaradılıb. Tarixi, mədəni abidələrlə tanış olmaq üçün muzey mövcud olduğu halda, idman, yürüş etmək üçün də xüsusi sahə təşkil edilib. Eyni zamanda velosiped, atla gəzinti, yamac paraşütü üçün də xüsusi sahələr yaradılıb. Bir sözlə Abant gölü ətrafında turistlərin istirahəti, asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb.

Süleyman İsmayılbəyli

Bakı-İstanbul-Bolu-Safranbolu-Kastamonu-Bakı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31