İran kateri Hörmüz boğazında ABŞ gəmilərinə təhlükə yaradıb

İranın patrul kateri Hörmüz boğazında projektorları ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin görmə məsafəsinə mane olmağa cəhd edib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"İran gəmisi təhlükəli dərəcədə yaxından - Amerika gəmilərinin 150 yardından (137 metr) xüsusən də gecə saatlarında projektorla kapitan körpüsünə işıq salaraq görməyə mane olmağa çalışıb", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusunun patrul kateri "təhlükəli və qeyri-peşəkar" hərəkət edib və dənizdə təhlükəsiz davranış üzrə beynəlxalq standartları pozub.

CENTCOM-un məlumatına görə, Amerika ekspedisiya gəmisi Lewis B. Puller və raket esminesi USS The Sullivans səsli xəbərdarlıqlar və təhlükəsiz lazerlərlə İran gəmisinə cavab verib.

ABŞ ordusunun məlumatına görə, insident dekabrın 5-də olub.

"Beynəlxalq sularda bu təhlükəli davranış İranın Yaxın Şərqdə sabitliyi pozan fəaliyyətlərinin göstəricisidir", - deyə CENTCOM-un sözçüsü polkovnik Co Buççino bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31