Meymunçiçəyinin mənşəyi tapılıb

Olaylar.az bildirir ki, müxtəlif ölkələrdən olan tədqiqatçıların apardığı genetik analiz meymunçiçəyi virusunun infeksiyanın 2018-ci ildən insanlar arasında yayıldığını göstərir.

"The New York Times" xəbər verir ki, araşdırmalar nəticəsində əldə edilən məlumatlar virusun insanlara gəmiricilər vasitəsi ilə keçdiyini müəyyən edib.

İndiyə qədər ABŞ-ın 23 ştatında və paytaxtda meymunçiçəyinə 156 yoluxma hadisəsi qeydə alınıb. Bütün dünyada isə bu virusa təsdiqlənən yoluxma hallarının ümumi sayı 3 min 400 nəfəri ötüb, daha 3 min 500 şübhəli hal isə təsdiqini gözləyir. Bu, iki həftə əvvəlki göstəricidən üç dəfə çoxdur.

Afrikanın səkkiz ölkəsində isə meymunçiçəyinə 1500-dən çox yoluxma və 72 ölüm faktı aşkarlanıb ki, onların da əksəriyyəti Konqo Demokratik Respublikasının payına düşür. Qitədə bir çox yoluxma halları insanların vəhşi heyvanlarla təması və ya heyvan mənşəli məhsullardan istifadəsi ilə bağlıdır.

Meymunçiçəyi virusunun ölçüsü koronavirusdan təxminən yeddi dəfə böyükdür. O, 2018-ci ildən bəri təxminən 50-yə yaxın mutasiyaya məruz qalıb. Britaniyada aşkarlanan 48 mutasiyadan 21-i xəstəliyin yayılmasına, şiddətinə və müalicə üçün istifadə edilən dərmanlara reaksiya qabiliyyətinə təsir göstərə bilir.

Ekspertlərin fikrincə, 1980-ci ildə çiçək xəstəliyinin kökünün kəsilməsi insanları bu qəbildən olan bütün virus ailəsinə qarşı müdafiəsiz vəziyyətə salıb və meymunçiçəyinin aktiv insan patogeninə çevrilməsi ehtimalını artırıb. Ümumdünya Səhiyyə Şəbəkəsi (WHN) iyunun 23-də meymunçiçəyini pandemiya adlandırıb. Təşkilatın fikrincə, pandemiyanın elan edilməsi xəstəliyin yayılmasına nəzarəti asanlaşdıra bilər.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31