Makron Rumıniya vasitəsilə Ukraynadakı taxıl ehtiyatını çıxarmaq istəyir
17 İyun 2022 15:05 DünyaOlaylar.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynada blokadası altında olan Odessa limanında Qara dəniz marşrutuna alternativ olaraq Rumıniya üzərindən on minlərlə ton taxıl ehtiyatı çıxarmağa çalışdığını bildirib.
Bu barədə Makron Ukraynaya səfəri ilə bağlı Fransanın TF1 kanalına müsahibə verib.
Özünün və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin Rusiya ilə diplomatik həll yollarını irəli sürdüklərinə diqqət çəkən Makron, Rumıniyanın buğda və qarğıdalı da daxil olmaqla Rusiyanın blokadası altında olan taxıl ehtiyatı üçün alternativ yol ola biləcəyini söyləyib.
Odessa limanının Rumıniya-Ukrayna sərhədinə yaxın olduğunu bildirən Makron, buraya gətirilən taxılın dəmir yolu və Dunay çayı vasitəsilə Avropa da daxil olmaqla beynəlxalq bazarlara daşınması planı üzərində çalışdıqlarını qeyd edib.