PAŞİNYAN DA, ÖLKƏSİ DƏ... Əkbər QOŞALI yazır

Nikol Paşinyanın və Ermənistanın nüfuzdan düşməsi haqqında danışmazdan öncə, onun və respublikasının hansı nüfuzundan söhbət getdiyini yığcam şəkildə də olsa, aydınlaşdırmağa çalışaq. -Sözün deyilişi, yazılış özü, sanki belə bir nüfuzun varlığını ifadə edir. Mən burada nüfuz dedikdə nəyi nəzərdə tuturam? - Birincisi, təqribən ilyarım öncəyədək parlamentdə toplam 6 tərəfdarı olan, ortabab deputat-jurnalist kimi künc-bucaqda görünən Nikol Paşinyan, tarixin gər-dişi, siyasi olayların qaynarlığı ilə gəlib baş nazir oldu. Yaxşı xatırlayırıq ki, o adam bəlağətli vədlərlə gəlmişdi və budur, 2019-cu ilin 10-cu ayında ona inanaların da danmayacağı şəkildə, xal itirməkdədir. Erməni politoloqların, sosioloqların, keçmiş nazir və deputatların özləri, elə indiki deputatların bəzisi yazır ki, nə bu Paşinyan o Paşinyan deyil; nə də bugünkü Ermənistan gerçəkliyi vəd edilən Ermənistan deyil.
Ermənistanın nufuzundan danışarkən, əlbəttə, xalqlararası, dövlətlərarası miqyasda metastaz vermiş erməni xəstəliyi ilə, yalan-palanla, pul-para və başqa türlü hoqqalarla "qazandıqları" və həm özlərinə, həm özgələrə zaman-zaman nüfuz kimi görsənən nəsnəni nəzərdə tuturam. O nəs-nəni ki, dünya gücləri, düşünən insanlar, ən dəqiqi erməniləri qullananlar bilir ki, o nüfuz əslində nüfuz deyil, sabun köpüyüdür, miyana dolmuş şardır, ağır yük altındakı köhnə təkərdir və bir şişuclu toxunuşla sıradan çıxacaq...
Dırnaqarası nüfuza talib və tabe baş nazir də, onun ölkəsi də, işğalçılıqla demokratiya qiyafətinin uzun müddət bir arada tutula biləcəyini düşünüb, qaliba. Ayrı-ayrı güclər arasında oyun oynaya biləcəklərini, iki stulda eyni vaxtda oturmağı bacaracaqlarını, tərs geyinilmiş ayaqqabılarla uzaq getməyin mümkünlüyünü düşünüblər...
Budur, bir neçə gün öncə, İrəvanda Avrasiya İqtisadi İttifaqının növbəti sammiti keçirildi. Sammit Ermənistanın və onun hökumət başçısının nüfuzdan düşdüyünün parlaq göstəricisi oldu.
Bizimçün Ermənistanda baş verənlər, əlbəttə maraqlıdır. Çünki bizim tarixi torpaqlarda qurulub; bizim BMT tərəfindən tanınmış ərazilərimizin 20 faizini işğal altında saxlayır; bizim əleyhimizə ardıcıl təbliğat aparır və s. Belə olan halda, Azərbaycan Prezident İlham Əliyevin və respublikamızın xalqlararası, dövlətlərarası səviyyədə nüfuzu, dövlət başçımızın "Valday" Diskussiya Klubunun Soçidə keçirilən plenar iclasında iştiraka dəvət edilməsi və oradakı təsirli çıxışı, trendə çevrilmiş sözləri, keçirdiyi yüksək səviyyəli görüşlər örnək göstərilə bilər.

Daha nələri qeyd etmək olar?
Avrasiya İqtisadi İttifaqı Sammitinin İrəvanda keçirilməsinə baxmayaraq, baş nazir Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü ancaq son anda baş tutdu.
Hansı ki Ermənistan KİV-ləri də təsdiq edir ki, rəsmi İrəvan bu görüşün baş tutması üçün çox ciddi səylər göstərib, görüş üçün Rusiya tərəfi ilə dəfələrlə əlaqə yaradılıb və xahişlər olunub.
Əslində, protokol qaydalarına görə, zirvə görüşünü təşkil edən ölkənin başçısı ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşməlidir; bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. Dəfələrlə bu kimi tədbirlərə ev sahibliyi edən Azərbaycanın örnəyi, Azərbaycan Prezidentinin dövlət və hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə keçirdiyi görüşlər bunu əyani şəkildə təsdiqləyir.
Təəccüblü deyil ki, Putinlə Paşinyan arasında görüş günün sonunda, özü də sammit çərçivəsində baş tutub. Bu isə Ermənistana və onun baş nazirinə olan münasibətin göstəricisidir.

Onu da xatırladaq ki, bundan öncə, ABŞ-a səfəri ərəfəsində Paşinyanın Trampla görüşəcəyini təbliğ edən Ermənistan KİV-ləri, sonradan, baş nazirin, yalnız ABŞ Prezidenti ilə özçəkim etməyə nail olduğundan məyusluğunu gizlədə bilmədi.
Bunlar ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrdir. 3-cü həmsədr ölkə Fransada isə ard-arda qəbul edilən qərarlarla qondarma "DQR" və fransız bələdiyyələri arasında bağlanmış "müqavilə"lər keçən günlərdə ləğv edildi.
Ayrıca, 2016-cı ildə Sarkisyan iqtidarını bitirən aprel döyüşlərindən sonra, 2018-ci ildə, Paşinyan hakimiyyətinin ilk aylarında Naxçıvanda, bu ilin avqustunda Qazaxda silahlı qüvvələrimizin müəyyən irəliləyişlərə nail olması, düşmənin ötən illər, aylar ərzində verdiyi itkilər, işğalçı və torpaqları işğala məruz qalan tərəflər arasında silahlanmaya ayrılan vəsait arasındakı fərq diqqətdən qaçmamlıdır.
Bütün bunların, başqa sözlə, Paşinyanın dünyada qəbul olunmamasının səbəbi isə onun yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan gerçəklikləri idrak etməməsi və ya nəzərə ala bilməməsi ilə bağlıdır. Təsadüfi deyil ki, demokrat libaslı, işğalçı zehniyyətli Paşinyan öz ölkəsində siyasi ekspertlər tərəfindən "saqqalı kloun" ayaması ilə "ödülləndirilib"...
Həmin Ermənistan ekspertləri, KİV-ləri qeyd edir ki, son illər Ermənistan yeni baş nazir ucbatından olan-qalan nüfuzunu da itirir.
Buna qarşılıq olaraq, Azərbaycan Prezidentinin mötəbər tədbirlərə, nüfuzlu məclislərə çağrılması, aparıcı dövlətlərin başçıları, nüfuzlu ictimai-siyasi xadimlərlə görüşləri bir daha həm cənab İlham Əliyevin, həm də respublikamızın nüfuzunun göstəricisidir.
Azərbaycan Prezidentinin dünyanın fikir fırtınası yaradan beyin mərkəzlərindən biri olan "Valday" Diskussiya Klubunun plenar iclasına dəvət olunması, orada yüksək səviyyəli görüşlər keçirməsi, çıxışının populyar TV-lərin diqqət mərkəzində olması dövlət başçımıza bəslənən sayğının göstəricisidir.

Əlavə edək ki, "Valday" Klubu 2004-cü ildə yaradılıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşür, fikir alış-verişi edir. Digər ölkələrin başçıları bu tədbirlərə bəlli bir sayda çağrılır. 3 oktyabrda Soçidə keçirilmiş plenar sessiyayda beş prezident iştirak edirdi. Və "Valday"ın bu dəfəki sessiyası Azərbaycan Prezidentinin "Qarabağ - Azərbaycandır və nida!" sözü ilə yaddaşımıza köçdü...
Belə mötəbər toplantıları Şuşada keçirmək nəsibimiz olsun!inş.
Nəsibimiz - inamımız, yolumuz, yolumuz - nəsbimizdir!
p.s. Yəqin heç təsadüfi deyil ki, Ermənistanda "Əliyevin Paşinyana tutarlı cavabı" başlıqlı yazını dərc etdirən "Aeli" ("Ayna") saytının baş redaktoru Anjela Tovmasyanın ofisinə basqın olub... - Paşinyan demokratiyası artıq öz astarı ilə daha aydın şəkildə üzə çıxmaqdadır, qaliba...

Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31