Peskovun qızı qalmaqal yaratdı - FOTOLAR
26 Fevral 2019 16:27 DünyaOnun ad və soyadı Avropa Parlamentinin rəsmi saytında da dərc edilib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun 21 yaşlı qızı Yelizaveta Peskovanın bir neçə həftədir ki, Avropa Parlamentində Fransadan olan deputat Emerik Şopradın ofisində təcrübə keçməsi və bir çox deputatların bundan xəbərsiz olması ölkədə qalmaqala səbəb olub.
Gənc qız bu yolla Avropa Parlamentinin məlumat bazasına, həmçinin daxili kompüter şəbəkəsinə tam çıxış imkanı əldə edib. Hətta, onun ad və soyadı Avropa Parlamentinin rəsmi saytında da dərc edilib.
E. Şopradın özü də "Radio Svoboda" korporasiyasına müsahibəsində faktı təsdiqləyərək onun komandasında həqiqətən də nüfuzlu rusiyalı məmurun qızının işlədiyini və bunun Y. Peskovanın AP-də ikinci təcrübə dövrü olduğunu bildirib.
"Xanım Peskova Rusiya Federasiyasının əhəmiyyətli bir şəxsinin qızıdır. Bir tələbə olaraq onun hüquqları burada təcrübə keçən digər gənclərin hüquqlarından az deyil. Üstəlik xanım Peskova öz ölkəsinin nə özəl, nə də ictimai qurumlarında peşəkar fəaliyyətlə məşğuldur. Bu səbəbdən də, burada mənim Avropa Parlamentinin deputatı kimi mandatımın icrası ilə bağlı maraqların toqquşmasından söhbət gedə bilməz", - deyə E. Şoprad vurğulayıb.
Dmitri Peskov günlərdir aparılan müzakirələr və tənqidlər fonunda "RİA Novosti"yə açıqlama verib. O, qızı Yelizavetanın Avropa Parlamentində təcrübə keçməsinin xidməti vəzifələri ilə əlaqəsi olmadığını, mövzu barədə çox danışmaq istəmədiyini qeyd edib: "Söhbət adi tələbə və adi təcrübədən gedir".(qafqazinfo.az)

