MDB ölkələri qanunsuz yolla əldə edilən vəsaitlərin yuyulmasına qarşı nümunəvi qanun hazırlayır
14 Noyabr 2018 17:32 DünyaMüstəqil Dövlətlər Birliyi (MDB) ölkələri qanunsuz yolla əldə edilən vəsaitlərin yuyulmasına qarşı nümunəvi qanun hazırlayır.
Bunu Belarusun paytaxtı Minsk şəhərində keçirilən MDB Maliyyə Kəşfiyyatı İdarələrinin Rəhbərləri Şurasının iclası çərçivəsində jurnalistlərlə görüşündə Rusiya Federal Maliyyə Monitorinq Xidmətinin direktoru Yuri Çixançin bildirib.
"MDB Parlamentlərarası Assambleyası ilə birlikdə nümunəvi anti-yuyulma qanunu təkmilləşdirilir. Belə ki, yeni standartlar, yeni tələblər ortaya çıxır", - deyən rusiyalı rəsminin sözlərinə görə, qarşıda bir tərəfdən nümunəvi qanunu qabaqcıl milli hüquqi sənədlərə, digər tərəfdən də MDB ölkələrinin qanunlarını həmin nümunəvi qanuna uyğunlaşdırmaq vəzifəsi durur.
Bununla yanaşı, MDB çərçivəsində qanunsuz gəlirlərin yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün aidiyyəti qurumların əlaqəli fəaliyyəti yoluna qoyulsa da, yeni tələblər və təhdidlər nəzərə alınmaqla birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinin davam etdirildiyi diqqətə çatdırılıb.
"Report"