Arxeoloqlar Misir piramidalarının sirrini açıblar

Fransa Şərq Arxeologiya İnstitutunun və Liverpul Universitetinin birgə missiyası Misirdə qədim rampa aşkar edib. Alimlərin fikrincə, 4500 yaşı olması güman edilən bu rampanın köməyi ilə qədim misirlilər piramidaların tikintisi üçün çox böyük ölçülü daş blokları daşıyırmış.

Əl-Minya əyalətinin ərazisində yerləşən qədim karxanada tapılmış qurğudan, arxeoloqların fikrincə, Böyük Xeops Piramidasının tikintisi üçün istifadə edilib. Bu qurğu iri daş blokların çıxarılması və daşınması üçün mükəmməl sistemdir.

Missiyanın rəhbərlərindən biri - Yannis Qurdon izah edib ki, qazıntı işləri zamanı belə qurğuların təsvirləri əvvəllər də tapılıb, lakin ilk dəfədir ki, arxeoloqlar yaxşı vəziyyətdə qalmış rampa aşkar ediblər. Onun sözlərinə görə, aşkar edilmiş təsvirlərin, qurğuların və yazıların öyrənilməsi bu nəticəyə gəlməyə əsas verir ki, bu sistem Gizadakı Böyük Piramidanın memarı firon Xeopsun hakimiyyəti dövrünə aiddir.

AZƏRTAC 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31