Tehran görüşü niyə uğursuz oldu?
10 Sentyabr 2018 15:14 DünyaTürkiyənin maraqları nəzərə alınmır
Ötən həftənin ən yadda qalan hadisələrindən biri də cənub qonşumuzda 3 ölkə rəhbərinin bir araya gəlməsi oldu. Tehran zirvə görüşü kimi tarixə düşən həmin görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Kreml rəhbəri Vladimir Putin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani bir çox məsələlər, xüsusilə Qərbə. Birləşmiş Ştatlara qarşı birgə mübarizə yollarını müzakirə etsələr də, tərəflər heç də bütün qeyd edilən məsələlərdə ortaq məxrəcə gələ bilmədilər. Bəs görəsən ekspertlər Tehran zirvə görüşü barədə nə düşünürlər? Son illərin yaxın müttəfiqləri kimi tanınan Ankara, Moskva və Tehran hansı məsələlərdə ümumi razılıq əldə edə bilmədi?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, tərəflər arasında əsas problem Suriya məsələsidir. Onun sözlərinə görə, Rusiya və İranla dostuq, ancaq Türkiyənin maraqları nəzərə alınmadan İdlibi vursalar, Ankara Astana prosesindən uzaqlaşa bilər: "Çünki hava bombardmanları nəticəsində həm xeyli mülki vətəndaş öləcək, həm də milyonlarla suriyalı yenə Türkiyəyə axın edəcək. Ona görə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdliblə bağlı yeni üçlü plan hazırlanana qədər Rusiyaya atəşkəs təklifi etdi. Kreml rəhbəri Vladimir Putin isə Rəcəb Tayyib Ərdoğanın bu təklifinə xeyli dirəndi. Ərdoğan güzəştə gedərək, "onda heç olmazsa İdlibdə terrorçulara silahları buraxmağa çağırışı edək" təklifini irəli sürdü. Putin bu dəfə etiraz etmədi. Bu o deməkdir ki, Rusiya İdlibi bombardman ideyasından vaz keçməyib. Rusiyanın İdlibə yaxın hərbi bazalarının təhlükəsizliyinə təminat verilir, Suriyanın silahlı müxalifəti həmin bazalara hücum etməyəcəklər". Politoloq onu da deyib ki, İdlibdə kimyəvi silahdan istifadə edilsə, bu hər şeyin sonu olacaq: "Yəni Rəcəb Tayyib Ərdoğan Qərb ölkələri kimi kimyəvi silahdan istifadə mövzusuna həssas yanaşdığını göstərdi. Ərdoğan Rusiya və İran prezidentlərinə Amerikadan şikayət etdi. Ərdoğan Amerikanın terrorçu kürd təşkilatlarına tonlarla yük daşıdığını vurğuladı. Türkiyənin dövlət başçısı bunu İran və Rusiya prezidentlərinə ona görə xatırlatdı ki, onlar da Amerika kimi terrorçu kürd təşkilatlarına dəstək verməyi ağıllarına gətirməsinlər. İran və Rusiya prezidentlərinin Ərdoğanın qırmızı çizgilərini diqqətə alacağını yaxın gələcəkdəki proseslər göstərəcək. Məsələni qəlizləşdirən budur ki, bombaların ağlı olmur, terrorçu ilə müxalifət və mülki vətəndaş arasında fərq qoymur, hamını qırır. Türkiyənin İdlibdə terrorçularla silahlı müxalifəti necə ayıracağı da asan məsələ deyil. Tehran görüşü Astana prosesi üçün ciddi sınaqdır. Maraqlıdır ki, Ərdoğan nitq söyləyərkən Rusiya prezidenti Vladimir Putinin iranlı həmkarından fərqli olaraq gözləri türkiyəli həmkarında deyil, əvvəlcədən hazırladığı mətndə idi".
Elxan Şahinoğlu onu da diqqətə çatdırıb ki, əslində Tehran görüşü canlı yayınlanmamalı idi. O bildirib ki, prezidentlər bir-birini salamlayandan sonra görüş qapalı müstəvidə keçirilməli idi: "Rusiya tərəfi iddia edir ki, İran televiziyasının prezidentlərin görüşünü canlı yayınlayacağı əvvəlcədən razılaşdırılmamışdı. İran tərəfi də səhv etdiyini boynuna alır. Ancaq Tehran efiri qəsdən də açıq tuta bilərdi. Məqsəd Türkiyə ilə Rusiya arasında İdliblə bağlı fikir ayrılığını ortaya qoymaq idi. İran prezidenti Ərdoğanla Putin arasındakı mübahisəyə qarışmadı. Ərdoğan düz 3 dəfə "atəşkəs elan edək" dedi, Putin hər dəfə qulaqardına vurdu. Putin çıxışında bir məqama da diqqəti çəkdi: "Terrorçularla atəşkəs mümkün deyil". Yekun bəyanata Ərdoğanın istədiyi kimi "atəşkəs" ifadəsi salınmadı. Putinin dediyi oldu". Politoloq qeyd edib ki, Türkiyə, Rusiya və İranın iştirakı ilə bağlı xeyli müddətdir "Astana prosesi" cərəyan edirdi: "Bu prosesi davam etdirmək çətindir. Çünki Rusiya və İran Suriya rejiminə dəstək verir, Türkiyə isə Bəşər Əsədi qanuni prezident saymır. Digər tərəfdən İblib ətrafında yaranan gərgin vəziyyət Türkiyəni haqlı olaraq narahat edir. Çünki İdlibdə 3 milyon suriyalı yaşayır, ora davamlı bombardman olunsa xeyli mülki vətəndaş öləcək və qaçqınlar Türkiyəyə axın edəcəklər. Məsələnin başqa tərəfidə var. Suriya ordusu İdlibi nəzarət altına aldıqdan sonraTürkiyə ordusunun Suriyadan çıxraılmasını daha qətiyyətlə tələb edəcək. Hazırki şərtlər daxilində isə bu Türkiyənin maraqlarına cavab vermir. Çünki, Türkiyə ordusu Suriyanın Qərb bölgələrini tərk etsə, həmin ərazilər terrorçu PKK-ya bağlı qrupların nəzarəti altına keçəcək. Ona görə də Türkiyə İdlibin Suriya ordusunun nəzarəti altına keçməsini istəmir. Ancaq gedişatın Türkiyənin istədiyi kimi cərəyan edəcəyini söyləmək çətindir. Buna baxmayaraq, Türkiyə "Astana prosesi"ni tərk etməyəcək.
Füzuli